Mayın 8-də Üzeyir Hacıbəylinin Ev-Muzeyində Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə konfrans keçirildi.
“Üzeyir Hacıbəyli və Heydər Əliyev” mövzusunda tədbiri muzeyin direktoru Xalq artisti, bəstəkar Sərdar Fərəcov açaraq Ümummilli liderin böyük bəstəkarın irsinə münasibətindən, onun yaradıcılığına olan vurğunluğundan bəhs etdi. Bəstəkarın ev-muzeyinin 1975-ci ildə məhz Heydər Əliyevin təşəbbüsü və dəstəyi nəticəsində yaradılmasını diqqətə çatdırdı.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmruz Əfəndiyeva Ulu öndərin onların ailəsinə, dövlət xadimi, teatrşünas, yazıçı olmuş atası Məmməd Sadıq Əfəndiyevə göstərdiyi diqqət və qayğıdan söhbət açdı.
Konfransda həmçinin musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini Aytən İbrahimova, məktəb-studiyanın müəllimi Nuranə Zeynalova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə, Ü.Hacıbəylinin Ev-Muzeyinin əməkdaşı Nurtəkin Səfərova və başqalarının çıxışları dinlənildi.
Bəstəkar Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında oda” əsəri əsasında hazırlanmış videoçarx nümayiş olundu. BMA-nın II kurs tələbəsi Hidayət Sadıqbəyli royalda Emil Əfrasiyabın “Üzeyir Hacıbəyli mövzusuna parafraz” kompozisiyasını səsləndirdi.
Sonda iştirakçılar “Heydər Əliyev Üzeyir Hacıbəylinin Ev-Muzeyinin açılışında” mövzusunda fotofraqmentlərə tamaşa etdilər.
Tədbirdə Bakıdakı ev-muzeylərinin direktorları və əməkdaşları da iştirak edirdilər.
Gülnarə Ələsgərova
Üzeyir Hacıbəylinin Ev-Muzeyi Ekspozisiya şöbəsinin müdiri