Azərbaycan musiqi mədəniyyətinin inkişafında Ulu öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. Heydər Əliyev özü də Azərbaycan musiqisinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının vurğunu idi. Ümummilli lider deyirdi: “XX əsrdə Azərbaycan musiqi mədəniyyətində böyük nailiyyətlər əldə edilmişdir. Milli musiqi incəsənətini inkişaf etdirən görkəmli musiqi xadimləri və onların qiymətli əsərləri xalqımızın çox böyük milli sərvətidir. Xalqımız Azərbaycana dünya şöhrəti qazandıran istedadlı musiqiçiləri ilə haqlı olaraq fəxr etmiş, edir və edəcəkdir”.

Məhz buna görə də Heydər Əliyev Azərbaycan musiqi mədəniyyətinin böyük yaradıcıları olan dünya şöhrətli bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov, məşhur müğənnilər Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və başqalarının sənətinə yüksək qiymət verərək onların fəaliyyətlərinin beynəlxalq arenaya çatdırılması üçün çalışmışdır. Digər önəmli faktlardan biri də odur ki, Ulu öndər işinin gərginliyinə baxmayaraq, Azərbaycan Bəstəkarlar İttifaqının müxtəlif tədbirlərində, müəllif və yubiley gecələrində, bəstəkarlarımızın yeni səhnə və konsert əsərlərinin premyeralarında iştirak edərək tamaşaya qoyulmuş və yaxud ifa olunan musiqi əsərləri haqqında dəyərli fikir və mülahizələrini söyləmiş, bəstəkar və ifaçılara böyük dəstək olmuşdur.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə bu haqda  deyir: “Heydər Əliyev zəngin ensiklopedik biliyə malik olan şəxsiyyət idi. Onun maestro Niyazi ilə olan dostluğu bir çox layihələrin həyata keçməsində mühüm rol oynamışdı. 1970-ci illərin əvvəllərindən başlayaraq Heydər Əliyevin təşəbbüsü ilə maestro Niyazi tərəfindən hər ayın cümə günləri M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında simfonik musiqi axşamları təşkil edilirdi. Bu konsertlərin ən böyük əhəmiyyəti təbliğat xarakteri daşıması, yəni insanların klassik musiqi ilə maariflənməsi idi. Həmin musiqi axşamlarında o vaxt Mərkəzi Komitənin bütün üzvləri, bəstəkarlar, musiqişünaslar və digər peşə, elm sahibləri iştirak edirdilər. Heydər Əliyev həyat yoldaşı Zərifə xanımla bu konsertlərdə müntəzəm iştirak edir, hər dəfə də musiqiçilərlə görüşüb onlarla öz fikirlərini bölüşürdü. Hətta musiqi ilə bağlı çox ciddi suallar da verirdi. Odur ki, bütün musiqiçilər onunla görüşəndə özlərini sanki imtahan verirmiş kimi hiss edirdilər”.

Azərbaycan musiqisi, görkəmli sənətkarlar daim Ulu öndərin diqqət mərkəzində olmuşdur. Milli və professional musiqimizin dünyada təbliği, bəstəkarların, ifaçıların və musiqişünasların fəaliyyətinin yüksək qiymətləndirilməsi, fəxri adlar, orden və medallarla təltif olunması Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə milli musiqimizlə bağlı bir çox fərmanlar, sərəncamlar imzalamış, onun təşəbbüsü ilə bağlı klassiklərimizin ev və xatirə muzeyləri yaradılmışdır. Böyük dövlət xadimi milli muğamımızın, aşıq sənətinin inkişafını da diqqətdə saxlayıb, bu qədim mirasın yaşadılması və təbliğinə dəstəyini əsirgəməmişdir. Ümummilli lider dövlət tədbirlərində, konsert proqramlarında müntəzəm iştirak edər, hətta səhnədə kimlərin çıxış etməsi və hansı əsərləri səsləndirəcəkləri ilə bağlı dəqiq məlumat alardı. Konsertdən sonra səhnəarxası sənətçilərlə görüşər, onların problemləri ilə maraqlanar, gənc istedadların üzə çıxmasında böyük rol oynayardı. Heydər Əliyev deyirdi: “Mədəniyyət, musiqi xalqımızın ən dəyərli sərvətlərindən biridir. Mədəniyyət hər bir xalqı dünyada daha da çox tanıdan, onu təbliğ edən vasitələrdən biridir. Biz isə xoşbəxtik ki, xalqımızın belə zəngin mədəniyyəti, musiqisi, incəsənəti var və bunlar həm xalqımızın özünə mənəvi qida verir, həm də onu dünya xalqları içərisində fərqləndirir, tanıdır, başını ucaldır”.

Ulu öndər Heydər Əliyev bəzi xalq və bəstəkar mahnılarını çox sevər, hərdən zümzümə edərdi. Onun ifa etdiyi mahnılardan nə qədər yüksək musiqi duyumuna malik olduğunu görə bilərik. Bu nəğmələrdən biri “Küçələrə su səpmişəm” xalq mahnısıdır:

Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.

“Küçələrə su səpmişəm” mahnısı məşhur müğənni SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Rəşid Behbudov tərəfindən ifa olunduqdan sonra daha da məşhurlaşmışdı. Onun ifası mahnının həzinliyini olduqca yüksək səviyyədə dinləyiciyə çatdırır, sevdirirdi. Rəşid Behbudov bütün konsertlərində və qastrol səfərlərində mütləq bu mahnını ifa edərdi. Məhz Heydər Əliyev də Rəşid Behbudovun ifasında bu mahnını sevib, bəyənmişdi. Ulu öndər Rəşid Behbudov sənətinə hər zaman yüksək qiymət verib və sənətkarın 85 illik yubiley tədbirində unudulmaz nitq söyləmişdir: “Rəşid Behbudov Azərbaycan mədəniyyəti sahəsində bənzərsiz incəsənət ustasıdır. O öz səsi və artistlik istedadı ilə böyük musiqiçidir. O həm xalq mahnılarının, həm folklor nümunələrinin, həm də estrada janrının mahir bilicisidir. Rəşid Behbudovun XX əsrdə Azərbaycan musiqisində rolu danılmazdır”.

2016-cı il oktyabrın 4-də dünya şöhrətli müğənninin Bakı şəhərində abidəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Ulu öndərlə Rəşid Behbudovun dostluğu barədə demişdir: “...Mən onu uşaqlıqdan tanıyırdım. Çünki mənim atam Heydər Əliyev ilə onu çox səmimi dostluq əlaqələri bağlayırdı. O, bizim evimizdə dəfələrlə olmuşdur. Mən o görüşlərin bəzilərində olmuşam, görmüşəm, özüm şəxsən müşahidə aparmışam. Görürdüm ki, o, çox sadə, səmimi, xeyirxah bir insan idi”.

Haqqında bəhs edəcəyim növbəti nəğmə Heydər Əliyevin sevərək zümzümə etdiyi “Alagöz” mahnısıdır. Görkəmli bəstəkar Cahangir Cahangirovun ötən əsrin 60-cı illərində yazdığı mahnının sözləri şair Zeynal Cabbarzadəyə məxsusdur. İlk dəfə həmin mahnı Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında xoreoqrafik quruluşda səslənmişdir. Vokal versiyada həmin mahnının ilk ifaçısı Şövkət Ələkbərova, daha sonra Fatma Mehrəliyeva olmuşdur. Bütün bu ifaların ardınca mahnı özünün ən uğurlu ifaçısını tapmışdır desək, heç də yanılmarıq. Həm ifa tərzi, həm səs diapazonu, həm də müşayiət baxımından mahnının ən cəlbedici və bu günə kimi aktuallığını qoruyub saxlayan versiyası Rəşid Behbudovun ifasında olub:

Kirpiklərin oxdur, qaşın kamandır,
Ay qız, məndən üz döndərmə, amandır!
Gözəl, məndən üz döndərmə, amandır!
Həsrətinlə hər zaman,
Gözüm qaldı bu yollarda, alagöz...

Heydər Əliyevin sevdiyi növbəti mahnılardan biri də sözləri Xalq şairi Məmməd Arazın, musiqisi və ifası Xalq artisti Niyaməddin Musayevə məxsus olan “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısıdır. Ulu öndərimizin “Məmməd Arazın, şübhəsiz ki, şeirləri çoxdur, amma “Dünya sənin, dünya mənim” kimisi yoxdur”, – deməsi bu mahnının sözlərinin dərin mənaya malik olduğunu bildirir. Heydər Əliyev M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert zamanı Niyaməddin Musayevin ifasında bu mahnıya qulaq asarkən göz yaşlarını saxlaya bilmir... Məhz bu mahnıya görə Heydər Əliyev Niyaməddin Musayevi 60 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif etmişdir. 

Heydər Əliyevin çox sevdiyi musiqi əsərləri arasında Müslüm Maqomayevin məşhur “Azərbaycan” (1974) mahnısının da xüsusi yeri var. Sözləri Xalq şairi Nəbi Xəzriyə məxsus olan mahnıda Vətənimizin əsrarəngiz təbiəti, sərvətləri yüksək sənətkarlıqla, sevgiylə tərənnüm olunur. Ən əlamətdar cəhət budur ki, bəstəkar bu əsrarəngiz mahnını məhz Heydər Əliyevə həsr edib. Hər dəfə bu mahnını eşidəndə bir vətəndaş kimi qəlbimiz sözlərə sığmayan böyük qürurla, fəxarətlə dolur, azərbaycanlı olmağımızla, vətənimizlə öyünürük. Bu mahnı hər dəfə səslənəndə istər-istəməz müğənniyə qoşulub bu vətən nəğməsini oxuyuruq.

Ümummilli lider Heydər Əliyev həm də Üzeyir Hacıbəyli musiqisinin böyük vurğunu idi. Bunun bariz nümunəsi olaraq Heydər Əliyevin 1995-ci ildə dahi bəstəkarın 110 illik yubileyi zamanı etdiyi çıxışını xatırlatmaq istərdik: “Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı ilə, böyük fədakarlığı, mükəmməl təhsili, elmi ilə, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sıralarında duran və Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur”.

Prezident Heydər Əliyevin 1995-ci ildə – bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur.

Ulu öndər Tofiq Quliyevin mahnılarını xüsusilə çox sevirdi. Bəstəkarın 80 illik yubiley gecəsində (1997) etdiyi çıxışı onun Tofiq Quliyev musiqisinə olan sevgisini bir daha nümayiş etdirir. Heydər Əliyev bəstəkarın yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirərək belə demişdir: “Tofiq, sən fəxr edə bilərsən ki, 80 yaşını belə gümrah, sağlam, gözəl şəraitdə keçirirsən. Sən bundan sonra da yaradacaqsan, yazacaqsan, bizi sevindirəcəksən, yeni-yeni mahnılar, musiqilər yazacaqsan. Mən sənə cansağlığı, yeni yaradıcılıq uğurları arzu edirəm. Biz hamımız bu dünyadan gedəcəyik. Ancaq mahnı, musiqi yaşayacaq. Tofiq Quliyevin mahnıları, musiqisi daim yaşayacaqdır. Eşq olsun musiqiyə! Eşq olsun incəsənətə! Yaşasın Tofiq Quliyev!”.

***

Ulu öndər Heydər Əliyevi yaxından görmək mənə də nəsib olmuşdur. 1998-ci il sentyabr ayının 24-də dayım, Əməkdar incəsənət xadimi, şair Tofiq Bayramın büstünün açılışında Heydər Əliyev şəxsən iştirak edirdi. O, bizim ailə üzvlərimizlə yaxından tanış olub, ürək sözlərini söylədi: “Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm, dəfələrlə danışmışam. Yazıçılar qurultaylarında, yazıçılarla görüşlərdə, bəzən rayonlarda səfərlərdə bir yerdə olmuşuq. Onun haqqında mənim ən gözəl xatirələrim var... Tofiq Bayram Azərbaycanda gözəl şeirləri və sözlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur”.

Ümummilli lider Heydər Əliyevin “Mən şeirə də, mahnıya da hissiyyatlı adamam!” – deməsi onun qəlbində yaşatdığı sənət incilərinin Azərbaycan musiqi mədəniyyəti tarixində  yaşayacağından xəbər verir. Ulu öndərin əziz xatirəsi təkcə qəlblərdə deyil, həm də musiqidə əbədiləşərək tarixin yaddaşına köçmüşdür.

Nigar Bayramova
BMA-nın Elmi-tədqiqat laboratoriyasının elmi işçisi