Dövlət Film Fondunda Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə milli sənədli kino salnaməsinə retrospektiv baxış davam edir.
“Azərbaycanın sənədli kino salnaməsi” silsiləsindən mayın 5-də keçirilən növbəti tədbir Xalq artisti, kinorejissor, kinooperator Muxtar Dadaşovun (1913–1998) yaradıcılığına həsr olunub.
Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev giriş sözündə Muxtar Dadaşovun Azərbaycan kinosunun təşəkkülündə və inkişafında xidmətlərindən danışıb.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə çıxış edərək rejissorun yaradıcılıq yolundan söz açıb, xatirələrini bölüşüb.
Sonda kinorejissor Muxtar Dadaşovun İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında Bakı əməkçilərinin misilsiz xidmətlərindən bəhs edən “Bakı-42” (1985) sənədli filmi nümayiş olunub.