Elxan Qasımov 78 illik ömründə saflığı, qüruru və mərdliyi ilə sevildi, seçildi
Xəbər verdiyimiz kimi, tanınmış aktyor, rejissor, Əməkdar artist Elxan Qasımov mayın 29-da, ömrünün 78-ci ilində dünyasını dəyişib.
Mayın 30-da mərhumun evində sənətkarla vida mərasimi keçirildi. Mərasim uzun illər çalışdığı “Azərbaycanfilm” kinostudiyasının həyətində davam etdi. Sənət dostları həmkarlarına son vəfa borclarını yerinə yetirdilər. Vida mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları iştirak edirdi. Elxan Qasımov Xırdalan qəbiristanlığında oğlu Samirin məzarı yanında torpağa tapşırıldı.
Qısa xatırlatma
Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) SSRİ Xalq artisti Adil İsgəndərovun kursunda aktyorluq (1962–1966), Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda rejissorluq (1973–1978) ixtisası üzrə ali təhsil alıb.
Tələbə ikən çəkildiyi “Əhməd haradadır?” (1963) filmindəki rolu tamaşaçı rəğbəti qazanıb. 1969-cu ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Müxtəlif filmlərdə yaddaqalan rollar oynayıb, rejissor kimi “Qocalar, qocalar...”, “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə
quruluş verib. Həmçinin sənədli filmlərin, “Mozalan” kinosüjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Əməkdar artist” adına layiq görülüb.
Bizim Elxan müəllim...
Çoxları Elxan Qasımovu “Əhməd haradadır?” filminin (1963) dillər əzbəri qəhrəmanı – “Şofer Əhməd” kimi tanısa da, həmkarlarımızla onu “bizim Elxan müəllim” deyə adlandırardıq. Çünki hər kəs onu çox sevirdi. Xüsusən də mətbuat nümayəndələri. Heç kimin qəlbini qırmaz, hər kəslə öz dilində danışmağı bacarardı. Əməkdar incəsənət xadimi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev tədbirlərin birində onun haqqında belə demişdi: “Elxan kinostudiyanın işığıdır”. Həqiqətən də, Elxan müəllim kinostudiyanın işığı, əhvalı və sözün əsl mənasında, ağsaqqallarından idi. İndi onun haqqında xatirə yazısını yazarkən 20 ilə yaxın olan tanışlığımızın hər anı anbaan canlanır gözlərim önündə. Bütün həmkarlarına ürəyi yanan, hər kəsin köməyinə tələsən Elxan Qasımov. Dünyasını dəyişən aktyor və rejissorlar, kino xadimləri ilə bağlı yazılar hazırlayarkən çox zaman ona da müraciət edərdim. Bu günə kimi hələ bir dəfə də olsun, yox demədi. Hər kəsin haqqında ürək yanğısı ilə danışardı. Hətta bəzən özünü nasaz hiss etdiyi məqamlarda belə, mənə bildirmədən qışın soyuğunda təmirsiz kinostudiyadakı soyuq otağına gələr, yorulub-usanmadan xatirələrini bölüşərdi.
Bizim Elxan müəllimin özünəməxsus zarafatları ilə yanaşı, öyüd-nəsihətləri də var idi. Onunla hər görüş bir həyat dərsi idi. Yaradıcılıqla bərabər ictimai fəaliyyətlə də məşğul idi. Uzun illər idi kinostudiyada Həmkarlar İttifaqının sədri vəzifəsində çalışırdı. Azərbaycanın kino salnaməsinə adını yazdırmış insanların yubiley və xatirə gecələrinə qatılar, maraqlı çıxışı, unudulmaz xatirələri ilə diqqəti cəlb edərdi. Bir neçə il əvvəl görkəmli rejissorlardan birinin qəbirüstü abidəsinin və ətrafının abadlaşdırılmasında onun necə böyük sevgiylə, həvəslə iştirak etdiyinə şahid olmuşdum.
Bircə oğlu Samiri avtomobil qəzasında itirsə də, oğul dağı qarşısında həmişə başını dik tutdu, heç vaxt özünü sındırmadı. Bu nisgili ürəyində daşıdı. Kinoya, sənətə sevgisi də o qədər böyük idi ki, həmin ağır itkidən sonra dediyi bir fikri heç vaxt unutmuram: “Allah mənə verən ömrü nə zaman alacaq bilmirəm. Gedəcəyim yer də məlum. Mən Samirin yanında dəfn olunacağam. Ona görə də rəhbərliyə dedim ki, bir əməkdaş olaraq mənim də haqqımı bu qəbirüstü abidəyə sərf edin”. Bəzən vaxtilə kino sənətimizdə başa vermiş, çoxlarının xəbərsiz olduğu, amma əslində, nəticə etibarilə çox ibrətamiz olan hadisələrdən də danışardı. Sözünü isə belə bitirərdi: “Bunları bilirsən də, sənə niyə danışıram...”. O vaxtlar çalışırdım bu sözün fərqinə varmayım. Bu gün vida mərasimində isə dönə-dönə dərinliyinə vardım...
Bütün dostlarını diqqətdə saxlayardı...
Bəzən zarafatları da var idi. 2013-cü ildə Nizami Kino Mərkəzində görkəmli kinoaktyor, rejissor, Xalq artisti Şahmar Ələkbərovun 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilirdi. Çıxışçılar çox olduğundan gecə də uzanır və iştirakçıların səbri tükənirdi. Elxan müəllimsə həmişə olduğu kimi, yenə maraqlı, yaddaqalan xatirələrini dilə gətirirdi. Ərkyana şəkildə pərdənin arxasından çıxışını yığcam etməsi üçün sakitcə işarə etdim. Elə o andaca bir başa salona səsləndi: “Vallah, mən Şahmardan səhərə kimi danışardım, amma Lalə pərdənin arxasından işarə edir ki, daha bəsdir”. Bu da onun səmimiyyətindən, açıq sözlü olmasından irəli gəlirdi.
Bütün dostlarını diqqətdə saxlayardı. Xəstə olduqlarını xəbər tutan kimi zəng edər, yardıma yetişərdi. Uşaqla uşaq, böyüklə böyük idi bizim Elxan müəllim. Sonuncu dəfə bu ilin 28 aprelində Dövlət Film Fondunda kinorejissor Nicat Feyzullayevin xatirəsinə həsr olunan tədbirdə görüşdük. Ad günü 24 apreldə olduğu üçün çoxları orada Elxan müəllimi yenidən təbrik etdi...
Bu məqamda Elxan Qasımovun 75 illik yubileyi münasibətilə qəzetimizdə dərc olunan yazımda sənət dostlarının onun haqqında dediklərini xatırlayıram.
Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə demişdi: “Dövlət Film Fondunda tez-tez kino xadimlərinə həsr olunmuş xatirə gecələrində iştirak edirik. Onu da xüsusi qeyd etmək istəyirəm ki, bu xatirə gecələrində yubileyi, anım gecəsi keçirilən kino sənətkarları ilə birgə çalışan bir çox insanlar gəlməsələr belə, Elxan mütləq o tədbirdə iştirak edir, xatirələrini bölüşür. Bu onun sənət dostlarına olan vəfasının, onların xatirələrini əziz tutmasının göstəricisidir”.
70 illik yubileyində (2015) qəzetimizin ustad yazarı mərhum Tahir Abbaslı onunla müsahibə etmişdi. Bu müsahibədə o, qəlbindəki nisgilini də dilə gətirmişdi: “Bu, mənim yeganə oğul övladımın qəza faciəsi – bir yük maşını altına düşüb tələf olması ilə ilgilidir. O vaxtdan bu vaxta ağrı-acısını çoxdan-çox çəkdiyim, Tanrının heç bir valideynə göstərməməsini dilədiyim bu itki barədə az danışmağa, söhbətə tutulmamağa çalışıram. Çıxılmaz qalıb danışanda isə bircə cümlə ilə kifayətlənirəm: 52 il əvvəl bir yük maşını (məni göylərə qaldırdı, 10 il öncə digəri hüznlərə gömdü...” demişdi.
Sevə-sevə getdiyi son tədbir isə mayın ilk həftəsində – xəstəxanaya düşməzdən bir neçə gün əvvəl Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Əhməd haradadır?” filminin 60 illik yubileyi ilə əlaqədar onunla keçirilən görüş idi. Bu dəfə həmişəkindən fərqli olaraq sənət dostları onun haqqında danışmış, etibarlı yoldaş və qayğıkeş insan kimi məziyyətlərini vurğulamışdılar.
“Yaşa dolduqca o biri dünyanın varlığına inanıram...”
29 may 2023-cü il. Ömür vəfa etmədi və Elxan Qasımov onu sevən minlərlə insana əlvida dedi. Məncə, bu dünyadan köç edən hər insan haqqında ürəkdən “Allah rəhmət eləsin” kəlməsi deyilmir. Bu gün kinostudiyanın həyətində gəncindən yaşlısına qədər hər kəs bu ifadəni içdən, ürək yanğısı ilə dilə gətirirdi. Bu bəlkə də onun vaxtilə səsləndirdiyi bir fikrə – “Mənim ixtiyarım yoxdur ki, xalqın cavan, saf Şofer Əhmədə olan məhəbbətini korlayam” ifadəsinə 60 illik sənət ömründə sadiqliyi ilə bağlıdır.
Və bir də... “Yaşa dolduqca o biri dünyanın varlığına inanıram. Düşünürəm ki, bir insan yox ola bilməz. Heç nə yox olmur. Buna görə də həyatda, demək olar ki, heç bir qorxum yoxdur. Sadəcə, bir şeydən narahatam: insanların gözündən düşmək istəmərəm. Ömrümün sonuna kimi çalışacağam ki, heç kəsin qəlbini sındırmayım...”, – deyən bizim Elxan müəllim! Samirinizə qovuşdunuz, rahat uyuyun. Əziz xatirəniz qəlbimizdə əbədi yaşayacaq.
Allah rəhmət eləsin.
L.Azəri