Rusiyanın Sankt-Peterburq şəhərindəki “Ledovı” sarayında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi, 28 May – Azərbaycanın Müstəqillik Günü və Peterburqun 320 illiyi münasibətilə “Yüzilliklər boyu dostluq” adlı təmtəraqlı qala-konsert keçirilib.

“Sankt-Peterburq və Leninqrad vilayətində Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatının keçirdiyi konserti 10 mindən çox tamaşaçı izləyib. Onların arasında şəhərin qubernatoru Aleksandr Beqlov və Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belski də olub.

Tədbir iştirakçılarını ictimai təşkilatın sədri Vaqif Məmişov və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov salamlayıblar.

Azərbaycandan gələn sənətçilərin, Mariinski Teatrının artistlərinin və Sankt-Peterburqun milli-mədəni birliklərinin yaradıcı kollektivlərinin rəngarəng konsert proqramı böyük maraq doğurub. Proqramda milli rəqslərimiz, kəndirbazların çıxışı da yer alıb. Rusiya Federasiyası Qərb Hərbi Dairəsi üzrə 80-90 yaşlı veteranlardan ibarət xorun çıxışı alqışlarla qarşılanıb.

Qeyd edək ki, konsertdən öncə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov MDB ölkələrindən veteranlar və blokada dövrünün sakinləri ilə görüşüblər.

Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan diaspor təşkilatının rəhbəri Vaqif Məmişova bayram tədbirinin təşkilində xidmətlərinə görə “Sankt-Peterburqun 320 illiyi” medalı təqdim edilib.