Britaniyalı kinorejissor və prodüser Ridli Skott yadplanetlilər dünyasında olan hadisələrdən bəhs edən məşhur “Yad” filminin yeni bölümünün təqdimatına hazırlaşır. Film “20th Century” kinostudiyasında (ABŞ) çəkilib.

“20th Century” filmin avqustun 16-da ekranlara çıxacağını elan edib. 86 yaşlı Ridli Skottun prodüseri olduğu “Yad” filminin yeni bölümünə rejissor Federiko Alvarez quruluş verib.

Ridli Skott ona dünya şöhrəti gətirən elmi-fantastik qorxu filminin ilk bölümünü 1979-cu ildə çəkib. Büdcəsi 11 milyon dollar olan “Yad” filmi doqquz dəfə çox (100 milyon dollar) gəlir gətirib.

Ondan sonra ayrı-ayrı rejissorlar bu silsilədən bir neçə film (o cümlədən C.Kameronun “Yadlar” (1986), D.Finçerin “Yad 3” (1992) və s.) çəksələr də, ilk filmin misilsiz uğurunu təkrarlaya bilməyiblər.

Filmin yeni bölümünün digərlərindən fərqlənəcəyi, izləyiciləri maraqlı hadisələrlə bol kadrlar gözlədiyi bildirilir. Süjet hələlik gizli saxlanılır, lakin ümumi konsepsiyanın dəyişməz qalacağı ehtimal edilir.

“20th Century” kinostudiyası bu layihənin mövzusu ətrafında serial da hazırlayır.

V.Kamal