Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbəri siyasi elmlər doktoru Elçin Əhmədovun və “Musulmansenfrance” portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Branın (Jean-Michel Brun) həmmüəllif olduqları “Qafqazın mirvarisi – Şuşa” kitabının təqdimatı olub.
Mərasimdə ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında məlumat verib. Bildirib ki, Şuşa tarixi-mədəni əhəmiyyətə, eləcə də Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malikdir. Şuşanın Azərbaycan mədəniyyətinə bir çox korifey sənətkarlar, bəstəkar və müğənnilər, ədiblər bəxş etdiyi diqqətə çatdırılıb.
Sonra Elçin Əhmədov və Jan Mişel Branın birgə hazırladıqları videoçarx nümayiş olunub.
Tədbirdə Elçin Əhmədovun videomüraciəti təqdim edilib. O, 28 ildən çox işğal altında qalmış Şuşanın 2020-ci ilin 8 noyabrında azad edilməsi, hazırda Şuşada Azərbaycan hökuməti tərəfindən aparılan bərpa və quruculuq işləri haqqında söz açıb, kitabın fransızdilli oxuculara Şuşanın tarixi, mədəniyyəti, böyük şəxsiyyətləri haqqında məlumat verəcəyinə inamını ifadə edib.
Jan Mişel Bran nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə, eləcə də Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyevə, kitabın çap edildiyi nəşriyyat evinə minnətdarlığını bildirib. O, Azərbaycana, Şuşaya səfərindən bəhs edib, Fransa mediasında Qafqazla bağlı məqalə və reportajlarda qərəzlilik olduğunu deyərək, bu cür birtərəfli mövqeyi tənqid edib.
Siyasi elmlər doktoru, beynəlxalq münasibətlər üzrə müəllim Sebastyan Bussua da Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana ilk səfərindən danışıb, Avropanın, xüsusilə də Fransanın bu ölkə ilə mədəni əlaqələrini daha da möhkəmləndirməli olduğunu deyib.
Qeyd olunub ki, bu gün Azərbaycanla Ermənistan arasında gedən danışıqlar prosesinə erməni lobbisi ciddi-cəhdlə mane olmağa çalışır. Regionda isə hamı sülhün tezliklə tam bərpa olunmasını istəyir. Sosial-iqtisadi çətinliklər yaşayan Ermənistanın xilası Azərbaycanla sülhdən keçir. Azərbaycan regionun lideridir, gələcək inkişaf Azərbaycanla əməkdaşlıqdadır.
Tədbirin bədii hissəsində vəkil Alan Tremolyer “Qafqazın mirvarisi – Şuşa” kitabından yazıçı Günel Anarqızının “Qarabağ” hekayəsini qiraət edib. Fransada yaşayan azərbaycanlı musiqiçi Səddam Novruzbəyov balabanda “Laçın” mahnısını ifa edib.