14 iyul – 26 avqust tarixlərində İtaliyada 69-cu Puççini Festivalı keçirilir. Ənənəvi festival  italyan bəstəkarı Cakomo Puççininin doğulduğu Torre del Laqo şəhərində (Toskana vilayəti) təşkil edilib. Festival müddətində müxtəlif ölkələrdən ifaçıların iştirakı ilə bəstəkarın dünyaca məşhur operaları (“Bohema”, “Turandot”, “Madam Batterflyay”, “İl Tabarro”) nümayiş olunacaq, həmçinin konsert proqramları keçiriləcək.

Tanınmış vokalçı, Əməkdar artist, Prezident mükafatçısı Afaq Abbasova festivalda çıxış edib. Opera müğənnisi Puççini Festivalında iştirak edən ilk azərbaycanlı ifaçı olmaqdan qürur duyduğunu deyib. Bildirib ki, Toskanada dahi C.Puççininin əsərləri ilə tamaşaçı qarşısına çıxmaq, dünyanın ən məşhur opera ifaçılarıyla eyni səhnəni bölüşmək həm qürurverici hadisədir, həm də böyük məsuliyyət tələb edir.

“Çox şadam ki, bu məsuliyyətli işin öhdəsindən gəldim və tamaşaçı alqışı bunun ən əsas göstəricisidir. Heydər Əliyev Fonduna, eləcə də mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Afaq Abbasova uzun müddətdir İtaliyadakı məşqlərdə iştirak edir. O, daha əvvəl də İtaliyada müxtəlif səhnələrdə və tamaşalarda çıxış edib.