Təbrizli yazıçının məşhur əsəri “ÖST Ensemble”nin ifasında

 

Avstriyada fəaliyyət göstərən “ÖST Ensemble” Vyanada ilk konsert proqramı ilə çıxış edib. Vyana Musiqi və Səhnə Sənətləri Universitetində reallaşan konsertdə ansambl musiqisevərlərin görüşünə “Arzu balıq” dastanı ilə çıxıb.

“Arzu balıq” dastanı görkəmli təbrizli yazıçı, tərcüməçi-publisist Səməd Behrənginin “Balaca qara balıq” nağılı əsasında Aria Torkanbouri tərəfindən yazılıb. Bu performans başdan-başa Azərbaycan-türk aşıq-dastan ənənəsi əsasında qurulub. Fərqli musiqi və rəqs mədəniyyətlərindən seçilən əsərlərin hamısı dastan rəvayəti əsasında, aşıqların dastan söyləmə formasına dayanaraq yeni üslubda ifa olunub.

“Arzu balıq” dastanında Fikrət Əmirovun “Mən səni araram”, “Min bir gecə” baletindən rəqs, Niyazinin “Qaytağı” və Güney Azərbaycan aşıq mahnısı “Çal, aşıq, çal” kimi əsərlər başqa musiqilərlə yanaşı təqdim edilib. Bunlarla bərabər, “Mahur” və “Şüştər” muğamları da Vyanada yaşayan təbrizli solist Hadi Mostafaei tərəfindən ifa edilib. Azərbaycan türkcəsindən savayı gilək, fars, gürcü, Türkiyə türkcəsi, qazax türkcəsi, maqduniyyə və macar dillərində mahnılar da səsləndirilib. Dastanın özü isə Berlin şəhərində yaşayan və əslən təbrizli Həmid Saneiy tərəfindən Azərbaycan və alman dillərində söylənilib.

“ÖST Ensemble” bəstəkar, musiqi nəzəriyyəçisi və etnomusiqişünas Aria Torkanbouri tərəfindən 2020-ci ildə Vyanada təşkil edilib. “Arzu balıq” dastanından öncə o, Azərbaycan-türk aşıq sənətinə həsr olunmuş diplom işini Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin Etnomusiqişünaslıq İnstitutunda bitirib. A.Torkanbouri dünyanın musiqi mərkəzi sayılan Vyanada Azərbaycan-türk dastan ifaçılığı ənənəsini yeni formada səhnəyə çıxarmağı əhəmiyyətli bir addım kimi görür. Təxminən iki saat davam edən konsert beynəlxalq tamaşaçı kütləsi tərəfindən böyük maraq və zövqlə qarşılanıb.

Bu performansın başqa bir özəlliyi seçilmiş əsərlərin hamısının Şərq musiqi səs sistemi qanunlarına uyğun olan və həmin səs sisteminin tonal qanunlarına uyaraq aranjiman və ifa olunmasıdır. Aria Torkanbouri neçə illərdir ki Şərq musiqisinin səs sistemi üzərində tədqiqat aparır. “Arzu balıq” dastanı performansında müxtəlif (Azərbaycan/Türkiyə/Qazaxıstan), fars, ərəb, yəhudi, macar və s. musiqi mədəniyyətlərindən nümunələr qarışıq formada ifa olunub.

A.Torkanbouri 2007-ci ildən bəstəkarlığa başlayaraq Tehran, Bakı, İstanbul, Berlin, Qrats və Vyananın müvafiq universitetlərində fortepiano, bəstəkarlıq, orkestr dirijorluğu, musiqi nəzəriyyəsi və etnomusiqişünaslıq üzrə mütəxəssislərdən dərs alıb. O cümlədən Azərbaycanda Arif Məlikov, Ceyhun Allahverdiyev, Azər Dadaşov, Lalə Rzayeva və Əyyub Quliyev kimi müəllimlərin tələbəsi olub. Bəstəkar Güney Azərbaycanın “Talibi-nur“ adlı ilk operasını 2014-cü ildə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası üzrə yazdığı yeni rəvayət əsasında səhnəyə çıxarıb.