Beynəlxalq musiqi şöləni avqustun 2-də başa çatır
Xəbər verdiyimiz kimi, Azərbaycanın dilbər guşələrindən olan qədim Qəbələ növbəti beynəlxalq musiqi bayramına ev sahibliyi edir. Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə 27 iyul – 2 avqust tarixlərində XIII Beynəlxalq Qəbələ Musiqi Festivalı keçirilir. Festivalda ölkəmizlə yanaşı, Türkiyə, Böyük Britaniya, Estoniya, Litva, Polşa və Rusiyadan da musiqiçilər iştirak edirlər.
Festivalın ikinci günü, iyulun 28-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların iştirakı ilə növbəti konsert proqramı təqdim olunub.
Festivalın təşkilatçı qurumlarının təmsilçilərinin, yerli musiqisevərlərin və şəhərin qonaqlarının izlədiyi konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları səhnəyə çıxıblar. Tamilla Əhədova (piano), Nərminə İsmayılova (piano), Camalə Abdinzadə (piano), Çinarə Əzimova (soprano), Surə Rüfət (violin), Humay Hacızadə (viola), Aytən Rüstəmli (kamança), Mirxalid Məmmədzadə (fleyta), Cəlil Bəşirli (tar) və Vaqif Qurbanovun (cello) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İfaçıları pianoda Svetlana Əhmədova, Rəfiqə Quluzadə və Nuridə Novruzova müşayiət ediblər.
Proqramda F.Əmirov, F.Əlizadə, P.Çaykovski, J.Bize, V.Horovits, V.Monti, R.Şuman və digər bəstəkarların əsərləri səsləndirilib.
***
Qəbələ festivalının proqramında bu il yubileyləri qeyd olunan görkəmli bəstəkarlara həsr edilmiş konsertlər də yer alıb. Festival çərçivəsində iyulun 28-də axşam açıq səhnədə təqdim olunan musiqi proqramı məşhur rus bəstəkarı Sergey Raxmaninovun (1873-1943) 150 illik yubileyinə həsr edilib.
Konsertdən əvvəl çıxış edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva bildirib ki, Qəbələ festivalının gözəl ənənələrindən biri də dünya musiqi mədəniyyətinə böyük töhfələr verən bəstəkarların, ifaçıların yubileylərini qeyd etmək, onların əsərlərini səsləndirməklə xatirəsini yada salmaqdır: “Bu il 150 illiyi qeyd olunan Sergey Raxmaninov musiqisində bəşəri səs, harmoniya var. Məhz bu bəşəri bağlantını daha gözəl surətdə festival iştirakçılarına çatdırmaq üçün Raxmaninovun musiqisini digər bir dahinin – Vilyam Şekspirin sonetləri ilə birləşdirib diqqətinizə çatdırırıq”.
Konsertin birinci hissəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov) ifasında S.Raxmaninovun “Piano və orkestr üçün konsert” əsəri səsləndirilib.
Sonra respublika və beynəlxalq müsabiqələr laureatı Əli Məmmədov (piano) orkestrin müşayiəti ilə bəstəkarın digər əsərlərini ifa edib.
S.Raxmaninovun yubileyinə həsr olunan daha bir konsert iyulun 31-də Heydər Əliyev Konqres Mərkəzində gerçəkləşib. Bəstəkarın həyat və yaradıcılığı barədə məlumat verildikdən sonra Mixail Lidski (Rusiya, piano), Xalq artisti, pianoçu Murad Adıgözəlzadə və Henri-David Varema (Estoniya, violonçel) tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.
Konsertdə bəstəkarın “Piano və violonçel üçün sonata – sol minor”, piano üçün prelüdlər, etüd-lövhələr, “Barkarola”, “Qırıntılar” əsərləri səsləndirilib.
***
Festival çərçivəsində iyulun 29-da axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara kamera musiqisi təqdim olunub.
Respublika və beynəlxalq müsabiqələr laureatları Atəş Qarayev (tenor), Mahir Tağızadə (bariton), Osman Mustafazadə (skripka), Humay Hacızadə (viola), Ərol Rzayev (violonçel), Nərminə İsmayılova (piano), Əli Günəşov (faqot), Əhməd Əhmədov (klarnet) və başqalarının çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertdə M.Qlinkanın “Patetik trio”, F.Listin “2 nömrəli konsert etüdü”, Q.Donizettinin “Luçiya di Lammermur” operasından Edqarın ariyası, P.İ.Çaykovskinin “Yevgeni Onegin” operasından Lenskinin ariyası, C.Puççininin “Canni Skiki” operasından Canni Skikinin ariyası, V.A.Motsartın “Hamı belə edir” operasından Qulyelmonun ariyası və digər bəstəkarların əsərləri səsləndirilib.
***
Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində gerçəkləşən daha bir konsert kamera musiqisinə və “Clarte” klarnet kvartetinin ifasına həsr olunub.
Kamera musiqisi axşamında beynəlxalq müsabiqələr laureatları Nigar Cəfərova (soprano), Elmina Həsənova (mezzo-soprano), Məryəm Yusifova (piano), Eldəniz Ələkbərzadə (piano), Nərgiz Kəngərli (piano), Şəms Ağazadə (violin), Vaqif Qurbanov (violençel) və Gülnaz Eldarlı (piano) maraqlı ifaları ilə sənətsevərlərin könlünü oxşayıblar.
Sonra səhnə “Clarte” klarnet kvartetinin ixtiyarına verilib. Konsertdə A.Məlikovun “Ötəri anlar”, Q.Qarayevin “Səs və piano üçün romans”, V.Məmmədzadənin “Trio”, R.Mirişlinin “Səadət”, P.Bülbüloğlunun “Mənim Bakı şəhərim”, R.Hacıyevin “Saçlarına gül düzüm”, “Leyla”, həmçinin Avropa bəstəkarlarından A.Berq, V.Gervasi, E.Doqa, F.List, R.Ştraus, G.Faure və F.Şubertin əsərləri səsləndirilib.
Kvarteti pianoda Ceyhun Əliyev, zərb alətlərində Ramiz Sevdiməliyev müşayiət ediblər.
“Clarte” klarnet kvarteti 2016-cı ildə Xalq artisti Şükür Səmədovun təşəbbüsü ilə yaradılıb. Kvartetin bədii rəhbəri Anar Məmmədov, üzvləri istedadlı klarnet ifaçıları Şərif Bağırov, Məhəmmədəli Paşazadə və Emil Bağırovdur.
***
Festival çərçivəsində iyulun 31-də axşam musiqisevərlər Heydər Əliyev Konqres Mərkəzində növbəti konsert proqramını izləyiblər. Bakı Kamera Orkestrinin təqdim etdiyi konsert dünyaca məşhur pianoçu Bella Davidoviçin 95 illik yubileyinə həsr olunub.
1928-ci ildə Bakıda doğulan Bella Davidoviç Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) nəzdində musiqi məktəbini bitirib. Sonra Moskva Dövlət Konservatoriyasında ali təhsil alıb. 60-70-ci illərdə müxtəlif ölkələrdə konsertlər verərək dünya şöhrəti qazanan ifaçı 80-ci illərdə ABŞ-yə köçüb.
Konsertin birinci hissəsində orkestr Bella Davidoviçin oğlu Dmitri Sitkovetskinin (Böyük Britaniya) dirijorluğu ilə İ.S.Baxın “Simlilər üçün 1 nömrəli rəqs süitası”nı təqdim edib.
Dmitri Sitkovetski tanınmış dirijor olmaqla yanaşı, həmçinin virtuoz skripka (violin) ifaçısıdır. Konsertin birinci hissəsində D.Sitkovetski Bakı Kamera Orkestrinin müşayiəti ilə violində A.Raskatovun violin, simlilər və zərb aləti üçün “V.A.Motsartın həyatından beş dəqiqə”, A.Pyartın violin, simlilər və zərb aləti üçün “Qardaşlar”, Bella Bartokun violin və simlilər üçün “Rumın xalq rəqsləri”, S.Raxmaninovun simlilər üçün “Vokaliz”, F.Əmirovun “Nizami” simfoniyasından II və IV hissələr, F.Əlizadənin simlilər üçün “Rəqs”, L.Desyatnikovun simlilər üçün “Bukovina mahnıları” əsərlərini ifa edib.
Bakı Kamera Orkestri 2011-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin təşəbbüsü ilə yaradılıb. Orkestrin tərkibinə beynəlxalq müsabiqə laureatları və istedadlı ifaçılar daxildir. Orkestrin bədii rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.
XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 2-də başa çatacaq.