Azərbaycanda Özbəkistan mədəniyyəti günləri keçirilir
Azərbaycan və özbək xalqlarını yaxın adət-ənənələr, dil və ümumtürk mədəniyyəti birləşdirir. Son illər dövlət başçılarının mütəmadi qarşılıqlı səfərləri, imzalanan sənədlər iki ölkə arasında əlaqələri yüksək səviyyəyə qaldırıb, mədəniyyət sahəsində əməkdaşlığa da yeni məzmun qazandırıb. 1-4 avqust tarixlərində Azərbaycanda keçirilən Özbəkistan mədəniyyəti günləri də qardaş xalqların dostluğunun, doğmalığının növbəti təntənəsidir.
Tədbirlərdə iştirak etmək üçün Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovun rəhbərliyi ilə geniş nümayəndə heyəti ölkəmizə təşrif buyurub.
Nümayəndə heyəti avqustun 1-də Fəxri xiyabanda Ümummilli lider, Azərbaycan-Özbəkistan əlaqələrinin qurulmasında tarixi xidmətləri olmuş Heydər Əliyevin məzarını ziyarət edib, önünə tər çiçəklər düzüb. Daha sonra Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad olunub.
Avqustun 1-də axşam Heydər Əliyev Sarayında Özbəkistan mədəniyyəti günlərinin təntənəli açılış mərasimi keçirildi. Tədbirdə dövlət rəsmiləri, iki ölkənin mədəniyyət xadimləri və digər qonaqlar iştirak edirdi.
Mərasimi açan mədəniyyət naziri Adil Kərimli qardaş ölkənin nümayəndə heyətini və tədbir iştirakçılarını salamladı. Azərbaycanda Özbəkistan mədəniyyəti günlərinin xalqlarımızın həyatında əlamətdar hadisə olduğunu deyən nazir bildirdi ki, ümumi tarixə, zəngin mədəniyyətə və ortaq dəyərlərə söykənən möhkəm və davamlı əlaqələr qardaşlığımızın rəmzidir: “Dövlət başçılarımız – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin müstəsna səyləri nəticəsində iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bütün sahələr üzrə əməkdaşlıq inkişaf edir. Dövlətlərimiz arasında həyata keçirilən əməkdaşlıq təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır. Beynəlxalq və regional təşkilatlar çərçivəsində də uğurla davam edir. Bizlər xalqlarımızın mədəni irsi və dəyərlərinin qorunub saxlanılması, qlobal miqyasda təbliği istiqamətində birgə fəaliyyət göstərir və beynəlxalq müstəvidə vahid mövqedən çıxış edirik. Azərbaycan və özbək xalqlarının görkəmli şəxsiyyətləri dünya mədəniyyətinə, elminə, ədəbiyyatına misilsiz töhfələr veriblər”.
Adil Kərimli qeyd etdi ki, Özbəkistan mədəniyyəti günləri dahi şair-mütəfəkkirlər Nizami Gəncəvi və Əlişir Nəvainin zəngin irslərindən bəhrələnən mədəniyyətlərimizin bir-birinə nə qədər yaxın olduğunu bir daha nümayiş etdirəcək: “Xalqlarımızın zəngin mədəniyyəti ümumilikdə türk mədəni irs xəzinəsinə əvəzolunmaz töhfədir. Təsadüfi deyil ki, iki ölkənin prezidentlərinin sərəncamları ilə Azərbaycan və Özbəkistan sənətçiləri yüksək fəxri ad və mükafatlarla təltif ediliblər. Mədəni sahədə əlaqələrin inkişafında Daşkənd şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rolunu xüsusi qeyd etmək lazımdır. Mərkəz xalqlarımızın bir-birinə yaxınlaşması istiqamətində mühüm layihələr həyata keçirir”.
Adil Kərimli çıxışının sonunda özbəkistanlı həmkarı başda olmaqla qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnunluq hissi keçirdiyini bildirdi, mədəniyyət günlərinin təşkilatçılarına təşəkkür etdi.
Özbəkistanının mədəniyyət naziri Xalq artisti Ozodbek Nazarbekov çıxış edərək yüksək qonaqpərvərliyə və mədəniyyət günlərinin keçirilməsində dəstəyinə görə Azərbaycan Respublikası Hökumətinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, xalqlarımızı çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolu birləşdirir. İkitərəfli əlaqələrin möhkəmlənməsində aralarında səmimi, etimada söykənən münasibətlər olan dövlət başçılarımızın mühüm rolu var.
Çıxışlardan sonra Azərbaycan və Özbəkistan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olundu.
Özbəkistan Dövlət Simfonik Orkestri (dirijor Özbəkistanın Əməkdar artisti Kamoliddin Orinboev), Yusif Rəcəbi adına muğam ansamblının üzvləri, Azərbaycan və Özbəkistanın Xalq artisti Nəsibə Abdullayeva, Özbəkistanın Xalq artistləri Səməndər Alimov, Fərrux Zakirov, Ozodbek Nazarbekov, Azərbaycanın “Dostluq” ordeni mükafatçısı Abduhişam İsmailov özbək musiqisinin bir-birindən gözəl nümunələrini təqdim etdilər.
Azərbaycan və Özbəkistanın Xalq artisti, xanəndə Gülyanaq Məmmədova və Əməkdar artist, tarzən Sahib Paşazadənin ifaları da gecəyə xüsusi rəng qatdı. Qardaş xalqların incəsənət ustalarının çıxışları sürəkli alqışlarla qarşılandı.
Qeyd edək ki, Özbəkistan mədəniyyəti günlərinin zəngin proqramı var. Avqustun 2-də Azərbaycan Milli Kitabxanasında yaradılmış “Özbəkistan ədəbiyyatı və incəsənəti guşəsi” açılacaq. Kitabxanada özbək ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Abdulla Qodirinin (1894-1938) Azərbaycan dilinə tərcümə olunmuş “Ötən günlər” romanının təqdimatı keçiriləcək.
Həmin gün Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrının kollektivi tərəfindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində A.Qodirinin “Ötən günlər” əsəri əsasında hazırlanmış tamaşa nümayiş etdiriləcək.
Avqustun 3-də Özbəkistan Dövlət Musiqili Teatrının yaradıcı heyəti Azərbaycan Dövlət Akademik Musiqili Teatrında azərbaycanlı dramaturq Məcid Şamxalovun əsəri əsasında hazırlanmış “Qayınana” tamaşasını təqdim edəcək. Həmin gün Dənizkənarı Milli Parkda Özbəkistan kulinariya və sənətkarlıq sərgisinin açılışı olacaq.
Avqustun 4-də isə Özbəkistan nümayəndə heyəti üçün mədəni proqram təşkil olunacaq.
Qeyd edək ki, bu ilin oktyabr ayında Özbəkistanda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur.
Lalə Azəri