Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə 6-10 sentyabr tarixlərində Bakıda  6-cı “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Nizami Kino Mərkəzində təşkil olunacaq festivalın qonaqları sırasında “Oskar”  mükafatı laureatı, holland rejissor Michael Dudok de Witt də var.

Bu barədə festivalın rəsmi internet səhifəsində məlumat verilib.

Bildirilir ki, rejissor əfsanəvi “GHIBLI STUDIO” ilə birlikdə çəkdiyi “Qırmızı tısbağa” (The Red Turtle) filmini festivalda şəxsən özü təqdim edəcək.

Londonda yaşayan, eyni zamanda animator və illüstrator kimi tanınan rejissor "Ata və qız" (2000) filminə görə “Ən yaxşı qısa animasiya filmi” nominasiyası üzrə “Oskar” mükafatı qazanıb. O, "Qırmızı tısbağa" (2016) filminə görə “Ən yaxşı animasiya filmi” nominasiyası üzrə isə “Oskar”a mükafatına namizəd olub.

Festivalda “Qırmızı tısbağa”nın nümayişi sentyabrın 8-də Nizami Kino Mərkəzinin böyük zalında Niderland Krallığının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə təqdim olunacaq.

Lalə