Astara Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi iştirakçısı İlqar Həsənzadə ilə görüş keçirilib. Muzeyin direktoru Gülzar İsmayılova 44 günlük Vətən müharibəsinin tariximizdəki müstəsna əhəmiyyətindən danışıb.
İlqar Həsənzadə döyüş yolundan söz açıb. O, Vətən müharibəsində qazanılan Zəfərin hər bir azərbaycanlı üçün qürurverici olduğunu söyləyib.
İlqar Həsənzadə “Vətən uğrunda”, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.
Muzeyin əməkdaşları Vətən müharibəsinin şəhid giziri Vüsal Nəhmətovun ailəsini ziyarət ediblər, qayğıları ilə maraqlanıblar.
Vüsal Üzeyir oğlu Nəhmətov 1987-ci il oktyabrın 2-də Astara rayonunun Səncərədi kəndində anadan olub. Vətən müharibəsi zamanı oktyabrın 4-də Füzulinin azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
N.Məmmədli