Ağdam Musiqi Kollecinin təşkilatçılığı ilə Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində 18 sentyabr – Milli Musiqi Günü münasibətilə konsert proqramı təqdim olunub.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və kollecin direktoru Əməkdar artist Fehruz Səxavət Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edib, milli musiqimizin inkişafında dahi bəstəkarın yaratdığı sənət məktəbinin rolunu xüsusilə vurğulayıblar.

Tədbir Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə kollecin müəllim və tələbələrinin ifasında konsert proqramı ilə davam edib.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş konsert proqramları təşkil edilib. Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayon Mədəniyyət mərkəzlərində təşkil edilmiş konsert proqramlarında yerli incəsənət ustaları və Uşaq İncəsənət Festivalının final mərhələsinə vəsiqə qazanmış iştirakçılar çıxış ediblər.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev və Azərbaycan musiqisi” adlı tədbir təşkil edilib. Qeyd olunub ki, Ulu öndərin musiqi, eyni zamanda mədəniyyətin digər sahələrinə göstərdiyi qayğı nəticəsində Azərbaycan mədəniyyəti özünün intibah dövrünü yaşayıb. Dünyanın ən böyük səhnələrində Azərbaycan bəstəkarlarının opera və baletləri oynanılıb, ədiblərimizin ən məşhur əsərləri səhnələşdirilib. Xalqımızın əvəzolunmaz milli sərvəti olan muğamı bütün dünya tanıyıb. Prezident Heydər Əliyevin müvafiq fərmanı ilə 18 sentyabr Üzeyir Hacıbəylinin doğum günü Milli Musiqi Günü kimi təsis olunub.

***

Milli Musiqi Günü münasibətilə Qəbələ regional “ASAN Xidmət” Mərkəzinin təşkilatçılığı, rayon Uşaq incəsənət məktəbi və Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə konsert təşkil olunub. Konsertdə milli rəqslər ifa olunub, Üzeyir Hacıbəylinin və digər bəstəkarların əsərlərindən ibarət proqram maraqla qarşılanıb.

***

Şirvan şəhər Heydər Əliyev Mərkəzi və şəhər Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə Milli Musiqi Günü münasibətilə tədbir-konsert keçirilib.

Salyan rayon Mədəniyyət Mərkəzi, Kürqaraqaşlı kənd Diyarşünasıq evi, Beştalı, Cəngan və Ərəbqardaşbəyli kənd klubları kitabxanalarla birgə “Musiqi ruhun qidasıdır” adlı tədbir təşkil ediblər.

Salyan şəhər Qulu Əsgərov adına Uşaq incəsənət məktəbində gerçəkləşən konsertdə müəllim və şagirdlərin ifasında Azərbaycan və dünya klassiklərinin əsərləri səsləndirilib.

Biləsuvar şəhər şəhid Orxan Əkbərov adına Uşaq incəsənət məktəbində keçirilən tədbirdə musiqi sənətindən söz açılıb, yerli bəstəkarların əsərləri ifa edilib.

Əlamətdar gün münasibətilə Hacıqabul şəhər Uşaq musiqi məktəbində isə dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təşkil olunub.

***

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Cəbrayıl şəhər Uşaq musiqi məktəbində (müvəqqəti olaraq Bakı şəhərində yerləşir) də Milli Musiqi Gününə həsr olunan tədbir təşkil olunub. Məktəbin direktoru Vüsal Zamanov dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığından bəhs edib.

Tədbirin bədii hissəsində Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalının finalçıları və müxtəlif müsabiqə laureatlarının ifasında musiqi nömrələri səslənib.

Sonda festivalın finalına çıxan şagirdlərə məktəb adından fəxri fərmanlar təqdim edilib.

***

Naxçıvan MR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib. 

Naxçıvan MR mədəniyyət nazirinin müavini Həsən Seyidov dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edib, əlamətdar günün tarixindən söz açıb.

Qeyd olunub ki, Üzeyir Hacıbəyli bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Bir-birinin ardınca yazdığı opera və operettaları, marşları, kantataları, mahnı və romansları, kamera və xor üçün əsərləri ilə musiqi xəzinəmizi zənginləşdirib.

Bildirilib ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik orkestri Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək.

Sonda konsert proqramı təqdim olunub.

Nurəddin Məmmədli