Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi, 1 saylı Folklor klubu və Hüseyn Arifin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və mədəniyyət” mövzusunda tədbir keçirilib. Əvvəlcə Ulu öndərin xatirəsi ehtiramla yad edilib, sonra dahi siyasətçinin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açılıb.

Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev neft strategiyası” mövzusunda tədbir təşkil olunub. Tədbir iştirakçıları mərkəzin ekspozisiya zalında Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid eksponatlarla tanış olublar. Çıxışlarda Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yeni neft strategiyasının ölkəmizin inkişafına və beynəlxalq miqyasda nüfuzunun artmasına töhfələrindən, 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasına təsirindən bəhs edilib.

***

Şirvan şəhər Heydər Əliyev Mərkəzi və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib. Çıxışlarda qeyd olunub ki, Ümummilli lider 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş verib. Bu dövrdən Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının zəfər təntənəsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

***

Quba Soyqırımı Memorial Kompleksi və Qusar rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanının tarixi əhəmiyyəti” adlı konfrans keçirilib. Çıxış edənlər Heydər Əliyevin Azərbaycanın inkişafında, ölkəmizlə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlərindən söz açıblar. Sonda tədbir iştirakçılarına soyqırımı həqiqətlərini özündə əks etdirən kitab və bukletlər təqdim olunub.

***

Qəbələ rayon Heydər Əliyev Mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi” adlı tədbir keçirilib. Çıxışlarda mövzu ilə əlaqədar məruzələr dinlənilib, “Əsrin müqaviləsi” – tarixi Zəfərimizə gedən yolun başlanğıcı” mövzusunda videoçarx nümayiş etdirilib.

***

Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər “Əsrin müqaviləsi”nin bağlanmasında Heydər Əliyevin rolundan, ölkənin iqtisadiyyatının dirçəldilməsi üçün atdığı qətiyyəti addımlardan, daha güclü ordunun qurulması, müdafiə sənayesinin inkişafı üçün görülən nəhəng işlərdən söz açıblar.

Goranboy rayon Mədəniyyət Mərkəzinin Balakürd, Qızılhacılı, Yeniyol və Xanqərvənd kənd Mədəniyyət evlərinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Heydər Əliyevin Goranboy rayonunun mərkəzində ucaldılmış abidəsi ziyarət olunub. Goranboy rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk olaraq dahi liderin tarixi səfərlərini əks etdirən fotoşəkillər nümayiş etdirilib. Qeyd olunub ki, həm sovet dövründə, həm də müstəqilliyin bərpasından sonra Ulu öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini təmin edib.

***

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş əl işləri sərgi-müsabiqəsi başa çatıb. Sentyabrın 22-də Naxçıvan Dövlət Rəsm Qalereyasında müsabiqənin yekun tədbiri və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən NMR mədəniyyət nazirinin müavini Həsən Seyidov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət mədəniyyət siyasətindən bəhs edib. Qeyd olunub ki, iki yaş qrupu üzrə keçirilən müsabiqədə 48 iştirakçının 68 əl işi “Ən yaxşı toxuma”, “Ən yaxşı rəsm” və “Ən yaxşı əl işi” nominasiyaları ilə qiymətləndirilib. Sonra qaliblər nazirliyin diplomu, nominasiyalar üzrə fərqlənən iştirakçılar isə fəxri fərmanla təltif ediliblər. Tədbirdə həmçinin Ümummilli liderin 100 illik yubileyi münasibətilə bu ilin aprel ayında keçirilmiş “Folklorumuzun söz yaddaşı” adlı bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb. Sonda sərgiyə baxış olub.

Nurəddin Məmmədli