Qəbələ rayon Mədəniyyət Mərkəzində “Şəhid Analarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfərin şahinləri – şəhidlər qonaq gəlib” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilən “Missiya” qısametrajlı filminin təqdimat mərasimi keçirilib.

Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, şəhid ailələrinin, qazi və müharibə iştirakçılarının, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Vətən müharibəsində şəhid olanların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyi qeyd edilib, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışılıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan bəhs olunub.

Sonra film nümayiş etdirilib.

***

İmişli rayon Heydər Əliyev Mərkəzində şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr edilmiş “Biz həmişə sizinləyik!” adlı qısametrajlı bədii-sənədli filmin təqdimatı olub.

Bildirilib ki, film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayıdış” İctimai Birliyi tərəfindən lentə alınıb. Filmin layihə rəhbəri Şəkər Tağıyeva, ssenari müəllifi Xaqani Əliyev, rejissoru Namiq Ağayevdir.

Vətən müharibəsinin şəhid mayoru Emin Süleymanovdan bəhs edən bədii-sənədli filmdə qəhrəmanın uşaqlıq, gənclik illəri, Azərbaycan Ordusunun zabiti kimi keçdiyi şərəfli həyat yolu işıqlandırılıb.

N.Məmmədli