Novator pyeslərinə və nəsr əsərlərinə görə...

 

2023-cü ilin ədəbiyyat üzrə Nobel mükafatına norveçli yazıçı-dramaturq Yon Fosse layiq görülüb. İsveçdəki Nobel Komitəsi bunu oktyabrın 5-də elan edib.

Məlumatda bildirilir ki, yazıçı “ifadəsi mümkün olmayanı əks etdirən novator pyeslərinə və nəsr əsərlərinə görə” bu mükafatı qazanıb.

Yon Fosse 1959-cu il sentyabrın 29-da anadan olub. Hekayə, roman, pyeslərlə yanaşı, esse və şeirlər yazır. Zəngin yaradıcılığı “Septologiya” silsilə romanları, 40-dan çox pyes, hekayələr, şeir və esseləri əhatə edir. Əsərləri 40-dan çox dilə tərcümə edilib. 2022-ci ildə ingilis dilinə tərcümə edilən “Yeni ad: Septologiya VI-VII” romanı Buker mükafatının qısa siyahısına düşüb. Yon Fosse həmçinin bədii tərcümə ilə məşğuldur.

Nobel mükafatçısının elan olunmasından öncə İsveç mediasında favoritlər arasında norveçli dramaturq Yon Fosse ilə yanaşı, Çin yazıçısı Can Xue, isveçli və rusiyalı nasirlər Çerstin Ekman və Lyudmila Ulitskaya, keniyalı yazıçı-dramaturq Nquqi Va Thiongo və avstraliyalı yazıçı Cerald Murnine qeyd olunurdu.

Qeyd edək ki, 2022-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına fransız yazıçı Annie Erno layiq görülüb.

Nobel mükafatı 1901-ci ildən verilir. O cümlədən 120 yazıçı və şair ədəbiyyat sahəsi üzrə mükafatlandırılıb. Alfred Nobelin (1833-1896) vəsiyyətinə görə, bu sahədə mükafat “idealist yönlü ən yaxşı ədəbi əsər”in müəllifinə verilməlidir.

Mükafat ənənəvi olaraq dekabrın 10-da, Nobelin vəfat etdiyi gün qalibə təqdim olunacaq.

Xatırladaq ki, oktyabrın 2-də başlayan Nobel həftəsində bundan öncə fiziologiya və tibb, fizika və kimya sahələri üzrə mükafatçılar elan olunub. 2023-cü ildə hər kateqoriya üzrə Nobel mükafatı 1 milyon dollar təşkil edir.