Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən regionlarda “Mədəni irsimizi tanıyaq, tanıdaq və qoruyaq” adlı silsilə görüşlər keçirilir. Məqsəd ölkəmizin zəngin tarixi irsinin qorunmasına ictimaiyyətin diqqətinin artırılması, bu sahədə maarifləndirmə işinin təşkili, abidələrin bərpa və konservasiyasına özəl sahənin marağının artırılması və tarixi abidələrin qanunvericilik çərçivəsində istifadəsinin təşviq edilməsidir.
Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva görüşlər zamanı ölkə ərazisində yerləşən abidələrin mühafizəsi işinin gücləndirilməsi istiqamətində atılan addımları qeyd edib. Tarixi irsin qorunması, bərpa-konservasiyası və bu sahədə ictimaiyyətin maarifləndirilməsi ilə bağlı aidiyyəti dövlət orqanları, o cümləndən rayon icra hakimiyyətləri ilə birgə fəaliyyətin qurulmasının vacibliyini diqqətə çatdırıb.
Mədəni irsin mühafizəsinin vacibliyi, bu yöndə digər dövlət qurumlarının və vətəndaşların rolu və məsuliyyəti, mövcud problemlər və həlli yolları müzakirə olunub.
Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətləri, abidələrin qorunması, bərpa və konservasiyasında dövlət siyasəti və bölgədə yerləşən mədəni irs nümunələrinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimat nümayiş olunub.
Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, İsrafil Ağanın evi, Əyyub ağa məscidi, Qazax rayonunda yerləşən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Baba Dərviş yaşayış yeri, Didvan qülləsi, Qazax Müəllimlər Seminariyasının binası və İsrafil ağa hamamına baxış keçirilib.
Abidələrin bərpa və konservasiyası, eləcə də turizm məqsədilə istifadəsi istiqamətində fikir mübadiləsi aparılıb.