Bərdə rayon Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycandan deportasiya: İmirlidə məskunlaşma” adlı kitabın təqdimatı olub.
Nəşr “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına həyata keçirdiyi “Qərbi Azərbaycan tarixi həqiqətlərinin araşdırılması və təbliği” layihəsi çərçivəsində işıq üzü görüb.
Kitabda Qərbi Azərbaycandan deportasiyanın etno-siyasi əsasları, ermənilərin orada kütləvi məskunlaşmasının tarixi mərhələləri, 1948-1953-cü illərdə Dərələyəz mahalının Çivə, Sallı, Qozluca, Göyçə mahalının Mollalı kəndindən deportasiya olunaraq Bərdə rayonunun İmirli kəndində məskunlaşmış əhalinin şəxsi hekayələri və s. məqamlar əksini tapıb.
Təqdimatda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Nağıqızı Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı yol xəritəsini müəyyənləşdirdiyini və soydaşlarımızın öz doğma yurdlarına qayıdacağına inandığını deyib, kitabın əhəmiyyətindən söz açıb.
AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri professor Seyfəddin Rzasoy doğma yurda qayıdışın həm də folklor yaddaşından keçdiyini qeyd edib.
N.Məmmədli