Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – RİMM) görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayevin 80 illik yubileyinə həsr olunmuş yaradıcılıq axşamı keçirilib.
RİMM-dən bildiriblər ki, tədbirin təşkilatçıları qismində Azərbaycanın Bəstəkarlar İttifaqı, həmçinin sənətşünas, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Raya Abbasova çıxış ediblər.
Yaradıcılıq axşamında müəllifin əsərlərindən parçalar səsləndirilib. Musiqi kompozisiyalarını Azərbaycan Milli Konservatoriyası İncəsənət gimnaziyasının yetirmələri Cəmilə İsmayılova və Fəridə Zeynalova, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Zümrüd Əlizadə ifa ediblər.
Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin oğlu Fərəc Qarayev özünün novatorluq fəaliyyəti ilə musiqi mədəniyyətinin inkişafına böyük töhfələr verib. “Qobustan kölgələri”, “Kaleydoskop” baletləri, “Eşqə səyahət” operası, simfonik orkestr üçün əsərlərin müəllifidir. Moskva Dövlət Konservatoriyasından savayı Bakı Musiqi Akademiyasında, Kazan Dövlət Konservatoriyasında da dərs deyib. Bəstəkar, həmçinin bir sıra beynəlxalq musiqi müsabiqələrinin təşkilatçısıdır.