Xəbər verdiyimiz kimi, Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) 23-24 noyabr tarixlərində “Heydər Əliyev İli” çərçivəsində bəstəkar, Xalq artisti Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası üzrə gənc ifaçıların VI müsabiqəsini keçirib. Müsabiqə 2 mərhələdən ibarət olub.
ABİ-dən verilən məlumata görə, noyabrın 23-də gənc pianoçuların ifaları dinlənilib. Bu mərhələdə Azər Dadaşovun hər hansı bir əsərinin ifası nəzərdə tutulmuşdu. İştirakçılar içərisindən 5 nəfər ikinci mərhələyə keçib.
24 noyabrda onlar bəstəkarın Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Fortepiano və orkestr üçün poema”sını ifa ediblər. İfaları ABİ-nin sədri Xalq artisti, professor Firəngiz Əlizadə, Ü.Hacıbəyli adına BMA-nın Fortepiano fakültəsinin dekanı Əməkdar müəllim Nəzakət Rimazi, ABİ-nin katibləri – Əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Cəlal Abbasov qiymətləndiriblər.
Noyabrın 30-da ABİ-də qaliblərə diplom və mükafatlar təqdim olunub.
Münsiflər heyətinin qərarı ilə Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin X sinif sagırdı Ayşən Uğurluyeva I dərəcəli, BMA-nın IV kurs tələbəsi Rasimə Abdullayeva II dərəcəli, T.Quliyev adına 12 saylı Uşaq musiqi məktəbinin (UMM) X sinif sagırdı Ərtoğrul Balayev III dərəcəli diplomla təltif olunub.
BMA-nın Orta-İxtisas Musiqi Məktəb-Studiyasının II sinif şagirdi Həcər Əsədullayeva “Ən kiçikyaşlı iştirakçı”, Hacıqabul rayonu UMM-in I sinif şagirdi Aytac Abuzərli “Çiçəkçin” fortepiano silsiləsinin ən yaxşı ifasına görə” xüsusi diplomlarına layiq görülüb. Bundan əlavə, AMK-nın nəzdində Musiqi Kollecinin II kurs tələbəsi Nərgiz Novruzzadəyə “Uğurlu iştirakına görə” diplomu, BMA-nın məktəb-studiyasının VI sinif şagirdi Rauf Bağırzadə, məktəb-studiyanın V sinif şagirdi Mikayıl Qasımlı, F.Əmirov adına 6 saylı Uşaq incəsənət məktəbinin II sinif şagirdi Əsra Heybətzadə və 5 saylı UMM-in VI sinif şagirdi Rəsul Məmmədova sertifikatlar təqdim olunub.