Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” rəqs müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mərasimdə BXA-nın rəhbərliyi, müəllim və tələbə-şagird heyəti iştirak edib.
Müsabiqədə BXA-nın tam orta təhsil, orta ixtisas təhsili, bakalavriat pillələri üzrə şagird və tələbələri iştirak ediblər. Klassik, milli, eləcə də müasir rəqs kompozisiyalarının ifasında I, II, III yerləri tutanlara təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Münsiflər heyətinin üzvlərinə (Baletmeyster kafedrasının müdiri Lyudmila Həsənova, Milli və müasir rəqs kafedrasının müdiri Xalq artisti Cəmilə Bayramova, Klassik rəqs kafedrasının müdiri Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə, xarici əlaqələr üzrə prorektor Xalq artisti Təranə Muradova, Xalq artistləri Yusif Qasımov, Gülağası Mirzəyev, Əməkdar müəllim Pellumb Aqalliyay, Əməkdar mədəniyyət işçisi Yelena Çernousova, tam orta təhsil pilləsinin direktor müavini Kamilə Əliyeva) də təşəkkürnamələr təqdim olunub.
Mərasim qaliblərin konsert proqramı ilə sona çatıb. I, II və III yerlər üzrə qərarlaşan şagird və tələbələr müsabiqədə nümayiş etdirdikləri rəqs kompozisiyalarını yenidən ifa ediblər. Lirik, modern, milli rəqslər sırasında “Dünya”, “Qələbə”, “Qarabağ Azərbaycandır”, “İnam”, “Süzən qızlar”, “Romantik qız”, “Şərq şahzadəsi”, “İgidlər”, “Xarıbülbülün sevinci” və “Yuxu” kimi rəqs kompozisiyaları alqışla qarşılanıb.