“Yaradıcı həftə” çərçivəsində dekabrın 1-də “Global Music Talks” – “Avroviziya” mahnı müsabiqəsinə həsr olunan tədbir keçirildi.

Bir sıra ölkələrin “Avroviziya” müsabiqəsi üzrə nümayəndəliklərinin təmsilçilərinin iştirak etdiyi iki panel sessiyasında bu müsabiqənin milli musiqi sənayesinə təsiri ilə bağlı müzakirələr aparıldı.

İlk panelin spikerləri Yunanıstandan musiqi şirkətinin rəhbəri İlias Kokotos və bəstəkar Dimitris Kontopulos, hollandiyalı bəstəkar Toni Kornelissen, televiziya prodüseri, “Avroviziya”da Norveç nümayəndə heyətinin rəhbəri Stiq Karlsen və Azərbaycandan bəstəkar, prodüser İsa Məlikov mövzu üzrə fikirlərini bölüşdülər.

Stiq Karlsen əvvəlcə “Avroviziya” yarışmasına iştirakçıların cəlb edilməsi prosesi haqqında məlumat verdi. Bildirdi ki, bu müsabiqədə ilkin vaxtlarda ən tanınmış musiqiçilər iştirak edirdisə, son illərdə daha çox gənclər qatılır. Müsabiqədə uğur əldə etməyin əsas tərəflərindən biri də musiqi seçimində trendləri izləməkdir.

İlias Kokotos isə müsabiqədə uğurun əldə edilməsinə qədər olan mərhələdən danışdı. Dedi ki, müsabiqədə ilk növbədə ifaçının seçimi, daha sonra mahnı və səhnənin tərtibatı əhəmiyyət kəsb edir.

İkinci paneldə “Avroviziya” müsabiqəsində son trendlər”, “Top 5”ə daxil olacaq çıxışın sirri nədədir?” mövzuları üzrə müzakirələr aparıldı.

Çıxışlarda “Avroviziya” yarışmasında əldə olunan uğurlar, gələcək planlar və ümumiyyətlə, bu kimi beynəlxalq musiqi müsabiqələrinin Azərbaycanın musiqi sənayesinə təsirindən danışıldı. Bildirildi ki, hazırda “Avroviziya” müsabiqəsi dünyanın ən populyar, sevilən musiqi yarışmasıdır. Başda turizm sektoru olmaqla, bir çox sahədə öz imkanlarını dünyaya tanıtmaq, təbliğ etmək istəyən ölkələr bu yarışmaya xüsusi diqqət yetirir. Lakin qalib olmaq üçün əsas məsələ 26 mahnı içində fərqlənmək, yaddaqalan hər hansı bir elementin olmasıdır.

Holland bəstəkar Toni Kornelissen bildirdi ki, “Avroviziya – 2021”də Azərbaycanın təmsilçisi olmuş Samirə Əfəndinin ifa etdiyi “Mata Hari” mahnısı böyük ruh gücünə malikdir. Mahnıda Azərbaycanın milli musiqi alətləri zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi yallının melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilib.

Qeyd olundu ki, bəzən müsabiqədə ilk beşliyə düşən mahnı və ifaçı qısa müddət sonra unudulur. Ancaq elə mahnılar da var ki, tezliklə populyarlıq qazanır.

Lalə