Pianoçu Xədicə Qayıbovanın 130 illiyi qeyd olundu

 

Bu il Azərbaycanın ilk qadın pianoçusu, muğam variasiyalarını ilk dəfə fortepianoda ifa etmiş Xədicə Qayıbovanın (1893–1938) anadan olmasının 130 illiyidir.

Dekabrın 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə Xədicə Qayıbovanın yubileyinə həsr olunan tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan muzeyin elmi-kütləvi işlər şöbəsinin müdiri Xanım Abdinova Xədicə Qayıbovanın musiqi mədəniyyətimizin inkişafında fəal iştirakı, maarifpərvər və pedaqoji fəaliyyəti haqqında geniş məlumat verdi. Diqqətə çatdırdı ki, X.Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərib. Valideynləri onu şəhərdəki “Müqəddəs Nina” qızlar məktəbinə qoyur. O, burada mükəmməl musiqi təhsili alır.

Azərbaycanda sovet hökuməti qurulandan sonra X.Qayıbova musiqi mədəniyyəti sahəsində daha aktiv fəaliyyət göstərir. Maarif Komissarlığında Şərq musiqisi şöbəsinin müdiri təyin edilir. Təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilir. Ayrı-ayrı məktəblərdə uşaq xoru yaradılır. Dövrünün görkəmli sənətkarları ilə çalışaraq Azərbaycan musiqi folklorunun toplanılması istiqamətində də ciddi səylər göstərir. Öz evini musiqi mədəniyyəti ocağına çevirir. Mütəmadi olaraq musiqi məclisləri keçirir. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq sənətinin sirlərini, musiqinin nəzəri əsaslarını öyrənir. Muğam variasiyalarını ilk dəfə fortepianoda ifa edir.

Onun fəallığı sovet hüquq-mühafizə orqanları tərəfindən təqib edilir. Yaradıcılığının çiçəkləndiyi bir vaxtda repressiyaya məruz qalır. 1937-ci ildə həbs olunur. Türk ordusunun zabiti Sultan Hüseynzadəni evində gizlətməkdə ittiham edilir və haqqında güllələnmə hökmü çıxarılır. 27 oktyabr 1938-ci ildə hökm icra olunur... 

Tədbirdə daha sonra X.Qayıbovaya həsr olunan “Ömür sonatası” bədii-sənədli filmi nümayiş olundu. Qeyd edildi ki, Azərbaycan Televiziyasının “Sabah” studiyası tərəfindən lentə alınmış filmin rejissorları Namiq Ağayev, Anaxanım Abdullayeva, ideya müəllifi və prodüseri Xalq artisti Ramiz Həsənoğludur.

Filmdə Xədicə Qayıbovanın obrazını canlandırmış pianoçu, BMA-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlı və filmin məsləhətçisi Xalq artisti, BMA-nın prorektoru Yeganə Axundova ekran işinin ərsəyə gəlməsindən danışdılar.

Görkəmli pianoçunun nakam ömrünə işıq salan film maraqla qarşılandı.

Tədbirdə Nərgiz Salmanlı və BMA-nın tələbələri Nəzrin Məhərrəmli, Gülnar Qədirova, Fidan Muxtarova, Maya İsmayıllı, beynəlxalq və respublika müsabiqələri laureatları Kübra Həşimli, Rasimə Abdullayeva və Məryəm Məmmədovanın ifalarında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edildi.           

Çıxışlar və musiqi ifaları X.Qayıbovanın həyat və yaradıcılıq yolunu əks etdirən, muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunurdu.

Savalan Fərəcov