Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr – 3 dekabr tarixlərində keçirilən “Yaradıcı həftə”nin maraqlı layihələri arasında “Yaradıcı müzakirələr” (“Creative Talks”) də var.
Layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.
Layihə çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 10 yaradıcı klaster üzrə (Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı, Şuşa) ümumilikdə 100 tədbirin təşkili nəzərdə tutulur.
“Yaradıcı müzakirələr”in ilk tədbirlərindən biri Naxçıvan Dövlət Texniki Kollecində gerçəkləşib. Çıxış edən layihənin koordinatoru Vüsal Süleymanlı və Naxçıvan MR Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev 10 yaradıcı klaster üzrə ölkəmizin tanınmış simalarının bilik və təcrübələrini bölüşəcəklərini deyiblər.
Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov “Yaradıcı kinematoqrafiya: ssenaridən ekrana”, “Azərxalça” ASC-nin kreativ direktoru Əsmər Babayeva “Sərvət ipləri: biznes olaraq xalçaçılıq”, “Mikro” MMC-nin direktoru, reper, prodüser Pərviz İsaqov “Pulun harmoniyaları: gəlirgətirən musiqi”, rəssam Erkin Ələkbərli “Mənfəətin fırça vuruşları: təsviri sənət biznesi”, Azərbaycan Animasiya Assosiasiyasının sədri, rejissor və ssenarist Rəşid Ağamalıyev “Mənfəət üçün canlandırma: animasiya sənəti və ticarəti” mövzusunda təlim keçiblər.