Mədəniyyət Nazirliyi tərəfindən balabanın Azərbaycana məxsusluğu ilə bağlı UNESCO-ya bir neçə məktub ünvanlanmışdı. Balaban ifaçısı kimi mən də bu quruma dəfələrlə məktubla müraciət etmişəm. Nəhayət, UNESCO bu həqiqəti qəbul etdi.

Bu fikirləri “Balaban sənətkarlığı və ifaçılıq sənəti”nin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınması ilə bağlı qəzetimizə açıqlamasında tanınmış balaban ifaçısı, Xalq artisti Əlixan Səmədov dedi.

Musiqiçi qeyd etdi ki, Türkiyədə ney aləti ilə bağlı təzadlı fikirlər mövcud idi. Artıq bu alətin adı ney-balaban kimi sabitləşib. Qardaş ölkənin bütün konservatoriyalarında təzəlikdə ney-balaban bölümləri fəaliyyətə başlayıb: “Bu işdə, az da olsa, payım varsa, çox sevinirəm. Bu hadisə bizim mədəni irs salnaməmizə əbədi həkk olundu. Bununla artıq bədnam qonşularımıza tutarlı cavab verilmiş oldu”.

***

Tanınmış sədəf ustası Zöhrab Mürsəlov “Sədəf sənətkarlığı” nominasiyasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsini böyük sevinc hissi ilə qarşılayıb: “Sədəf sənəti yaşadılmalı, nəsilsən-nəslə ötürülməlidir. Uzun illərdir bu sahədə çalış insan kimi sədəf sənətinin dünya miqyasında tanınması, UNESCO-da qəbul edilməsi xəbəri məni hədsiz sevindirdi. İnanıram ki, bundan sonra sədəf sənətinə yaradıcı sənaye kimi daha böyük diqqət və qayğı ilə yanaşılacaq”.

Lalə