Moskvada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində AZƏRTAC-ın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.
“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan sərgidə AZƏRTAC-ın fotoxronikasında saxlanılan və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən 50-yə yaxın nadir fotoşəkil sərgilənir. Ulu Öndərin Rusiyanın tanınmış siyasi, ictimai və mədəniyyət xadimləri ilə görüşlərinin, mətbuat konfranslarının, Rusiyanın müxtəlif regionlarına səfərlərinin əbədiləşdirildiyi fotomateriallar ziyarətçilərdə böyük maraq doğurub.
Tədbirin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları, Rusiya mədəniyyətinin və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Heydər Əliyev İli” çərçivəsində Moskvada təşkil etdiyi sərginin əhəmiyyətini vurğulayıb. “Burada çox nadir fotolar toplanıb. Sərgidə hətta mənim də ilk dəfə gördüyüm şəkillər var. Heydər Əliyevin 100 illik yubileyi Vladivostokdan başlayaraq Kalininqradadək Rusiyanın bütün regionlarında geniş qeyd olunur və bu, məni çox sevindirir. Bu, Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafında böyük xidmətlərindən xəbər verir. Elə indi də iki ölkə arasında əlaqələrin möhkəmlənməsi üçün görülən işlər onun adı ilə bağlıdır”, - deyə diplomat vurğulayıb.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə açılmış Azərbaycan Mədəniyyət Mərkəzində dahi siyasi və ictimai xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərginin təşkili əlamətdar hadisədir. “Burada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 50-yə yaxın nadir fotoşəkil toplanıb. Uzun illər Heydər Əliyevlə yanaşı işləmiş səfir Polad Bülbüloğlu belə fotoşəkillərin əksəriyyətini ilk dəfə gördüyünü qeyd etdi. Fotomaterialları təqdim edən AZƏRTAC-ın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Sərgi bir ay ərzində fəaliyyət göstərəcək və əminəm ki, moskvalılar Ulu Öndərin təkcə doğma Azərbaycana deyil, eləcə də ikitərəfli münasibətlərin inkişafına verdiyi misilsiz töhfəni dəyərləndirəcəklər”, - deyə T.Əhmədova diqqətə çatdırıb.
M.İ.Rudomino adına Rusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin jurnalistlərə açıqlamasında atasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev barədə ən xoş xatirələrini onunla bölüşdüyünü bildirib. P.Kuzmin deyib: “Atam Heydər Əliyev ilə tanış idi. O, fəaliyyətləri çərçivəsində Heydər Əliyevlə ünsiyyətdə olurdu və atam hər zaman Heydər Əliyevin fenomenal yaddaşından, həmsöhbətinə dərin hörmətlə yanaşmasından danışırdı. Heydər Əliyevin ağlı, zəkası, bütün xalqlara və millətlərə ehtiramla yanaşması insanı valeh etməyə bilməzdi. Mən də Bakıda Heydər Əliyev Fondunu ziyarət etmək şərəfinə nail olmuşam. Moskvada bu dahi insana həsr olunmuş sərginin açılması onun xatirəsinə dərin hörmətin və ehtiramın nümunəsidir”.
Sərgi bir ay davam edəcək.