Dekabrın 10-da Beynəlxalq Muğam Mərkəzində (BMM) tarzən Zərif Qayıbovun (1920-1943) vəfatının (14 dekabr) 80-ci ildönümünə həsr olunmuş gecə keçirildi.
Tədbirdə əvvəlcə Zərif Qayıbovun adını daşıyan Gəncə şəhər 5 nömrəli Uşaq musiqi məktəbinin tarzən haqqında hazırladığı videoçarx nümayiş olundu.
Daha sonra BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə çıxış edərək tar ifaçılığı sənətimiz haqqında fikirlərini bölüşdü: “2010-cu ildə mənə bir tar hədiyyə edildi. Bu alət mənim üçün xüsusilə dəyərlidir. Çünki bir müddət sonra məlum oldu ki, bu tar nakam sənətkarımız Zərif Qayıbova məxsus imiş”.
Xalq artistləri, tarzənlər Ramiz Quliyev, Vamiq Məmmədəliyev tar ifaçılıq sənətimizdə iz qoyanlar sırasında Zərif Qayıbovun adının ehtiramla yad edildiyini dedilər. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Səsyazmalar evinin direktor müavini, tarzən Şahin Verdiyev Zərif Qayıbov haqqında apardığı araşdırmadan söz açdı.
Çıxışlardan sonra gənc tarzənlərin və BMM-in solistlərinin ifasında konsert proqramı təqdim olundu.
Lalə