Bu il bölgə mətbuatında özünəməxsus dəst-xətti ilə seçilən “Zaqatala” qəzetinin 100 illiyidir. 1923-cü ildə “Zaqatala kəndçisi” adı ilə fəaliyyətə başlayan mətbu orqanın zəngin tarixi var.
Qəzetin 100 illiyi münasibətilə dekabrın 19-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, qəzetin əməkdaşları, media nümayəndələri, ziyalılar iştirak ediblər. Əvvəlcə mərkəzin foyesində qəzetin ötən dövrdəki fəaliyyətini əks etdirən sərgiyə baxış olub.
“Zaqatala” qəzetinin redaktoru Əməkdar mədəniyyət işçisi İbrahim İbrahimovun “Bir əsrlik salnaməçilik yolu” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, qəzet müxtəlif illərdə fərqli adlarla çıxıb, 1991-ci ildən “Zaqatala” adı ilə nəşr edilir. Qəzet fəaliyyət göstərdiyi illər ərzində 4 dəfə əlifba, 3 dəfə çap texnologiyasını dəyişib.
“Xalq qəzeti”nin bölgə müxbiri İlqar Həsənov, Qax rayonunda çıxan “Şəlalə” qəzetinin redaktoru Xavər Əfəndiyeva, Zərdabda nəşr olunan “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov, pedaqogika üzrə fəlsəfə doktoru, qəzetin yazarlarından Həşim İsmayılov çıxış ediblər.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qəzetin rayonun ictimai-siyasi və mədəni həyatındakı rolunu xüsusi vurğulayıb, kollektivə təbriklərini çatdırıb.
Sonda kollektivə rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.
N.Məmmədli