Bölgələrdəki mədəniyyət müəssisələrində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müxtəlif səpkili tədbirlər keçirilib.
Qəbələ rayon Uşaq incəsənət məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir təşkil olunub. Şagirdlər hər iki əlamətdar bayrama həsr olunmuş şeirlər, mahnılar səsləndirib. Fortepiano və xalq çalğı alətləri şöbəsinin şagirdləri öz ifaları ilə tədbirə əlavə rəng qatıblar.
Qəbələ rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şagirdlərin ifasında şeir və mahnılar səsləndirilib, rəqslər təqdim edilib. Sonda şagirdlərə Yeni il hədiyyələri verilib.
Oğuz rayon Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş konsert keçirilib. Məktəbin müəllim və şagirdləri tərəfindən rəngarəng musiqilər ifa olunub.
Qax şəhər 2 və 4 saylı kitabxana filialı və şəhər 1 nömrəli Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Həmrəyliyimiz birliyimizdir” adlı bayram tədbiri keçirilib.
Çıxış edənlər bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib, Ümummilli lider Heydər Əliyevin soydaşlarımızın həmrəyliyi ideyasına böyük önəm verməsindən danışıb, birliyin Azərbaycan xalqı üçün real nəticələrindən söz açıblar. Gənc musiqiçilərin ifaları, rəngarəng rəqsləri, Şaxta baba və Qar qızın çıxışları tədbir iştirakçılarına bayram əhval-ruhiyyəsi yaşadıb.
***
Ağcabədi rayon MKS Mərkəzi Kitabxananın Uşaq şöbəsinin əməkdaşları rayon 8 saylı körpələr evi-uşaq bağçasında “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!”, “Xoş gəldin, Yeni il – 2024” başlıqlı sərgi-tədbir təşkil ediblər. Kitabxananın əməkdaşları Həmrəylik Günü və nağıl kitabları haqqında balacalara məlumat veriblər. Uşaqlar Yeni ilə aid şeirlər səsləndiriblər.
Ağcabədi rayon Hacıbədəlli kənd Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi tərəfindən kənd Folklor evində bayram tədbiri keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şagirdlərin ifasında Həmrəylik Gününə həsr olunmuş şeirlər söylənilib, “Fidan” rəqs qrupu tərəfindən rəqslər təqdim edilib.
Ağdam rayon Xan Şuşinski adına Uşaq muğam musiqi məktəbində (müvəqqəti Bakı şəhərində yerləşir) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert təşkil edilib. Konsertdə məktəbin şagirdlərindən ibarət xor və xalq çalğı alətləri ansambllarının ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri, bayram əhval-ruhiyyəli rəqslər ifa olunub.
***
N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində “Zəfərli Yeni il” adlı tədbir keçirilib. Bayram şənliyində Şaxta baba və nağıl qəhrəmanları Masallı sakinlərinə Yeni il münasibətilə arzularını çatdırıb, uşaqlara bayram hədiyyələri paylayıblar. Mərkəzin solistlərinin ifasında səsləndirilən rəngarəng mahnılar iştirakçıların alqışları ilə qarşılanıb.
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən bayram şənliyində rayonun incəsənət ustalarının ifasında təqdim olunan konsert proqramı iştirakçılara xoş ovqat bəxş edib.
***
Göyçay rayon Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid və qazi övladları, sağlamlıq imkanları məhdud uşaqlar üçün şənlik təşkil olunub. Çıxış edənlər Həmrəylik Gününün əhəmiyyətini diqqətə çatdırıblar. Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərdən danışılıb, azad olunan torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin aparıldığı qeyd edilib. Tədbir çərçivəsində bədii-əyləncəli proqram təşkil olunub, uşaqların hazırladıqları kompozisiyalar, rəqs nümunələri nümayiş etdirilib. Uşaqlara hədiyyələr və bayram sovqatları təqdim olunub.
***
Ağsu rayon Uşaq musiqi məktəbi tərəfindən rayon Mədəniyyət Sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirilib.
Məktəbin şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblı, xor kollektivi xalq mahnıları, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.
N.Məmmədli