Fevralın 10-da Moskvanın “Gelikon-opera” musiqili teatrında Böyük Teatrın solisti, Azərbaycanın Xalq artisti Elçin Əzizov unikal proqram təqdim edəcək.

“Kəpənəksiz opera” adlı proqramda vokalçı repertuarındakı parlaq ariyaları ifa edəcək, həmçinin öz partiyaları üzərindəki yaradıcılıq işindən, görkəmli rejissor və dirijorlarla əməkdaşlığından söz açacaq.

Teatrın portalında yer alan məlumatda Elçin Əzizovun yaradıcılıq yolundan, onun məşhur “Bakılı oğlanlar” ŞHK komandasında fəaliyyəti, Zalsburq, Bakı və Moskvada vokal məktəbi keçməsi, nəhayət, bu gün dünya opera səhnəsinin ən çox tələb olunan bariton olmasından söz açılır. Diqqətə çatdırılır ki, tanınmış vokalçı Böyük Teatrın səhnəsində İbn-Hakiə (P.Çaykovski, “İolanta”), Eskamilyo (J.Bize, “Karmen”), Qriqori Qryaznoy (N.Rimski-Korsakov, “Çar gəlini”), Skarpia (C.Puççini, “Toska”), Lesko (C.Puççini, “Manon Lesko”) və bir çox başqa partiyaların ifaçısıdır.

Elçin Əzizovu “Kəpənəksiz opera” proqramında Konstantin Çudovskinin idarə etdiyi Dövlət Kreml Orkestri müşayiət edəcək.

Gülcahan