Ötən il Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna 3544 yerli və xarici turist səfər edib. Bu barədə qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Bildirilib ki, qoruğu ziyarət edənlərin 2607-si yerli, 937-si isə xarici ölkə vətəndaşı olub. Əcnəbi ziyarətçilər arasında Polşa, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Ukrayna, Latviya, ABŞ və Türkiyədən gələnlər üstünlük təşkil edib.
Qoruğu ziyarət edənlərə burada aparılmış arxeoloji qazıntılar, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və maliyyə dəstəyi ilə qoruq ərazisində görülən işlər barədə məlumat verilib. Ziyarətçilər Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonunda nümayiş olunan eksponatlarla da tanış olublar. Əməkdaşlar tərəfindən Azərbaycan, rus və ingilis dillərində ekskursiya xidmətləri göstərilib.