М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində növbəti konsert proqramları təqdim edilib.
Yanvarın 12-də Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib. Bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun idarə etdiyi konsertin solisti Əməkdar artist Aleksey Miltıx (cello) olub.
Musiqi axşamında P.İ.Çaykovskinin “2 saylı simfoniya” (c-moll, op.17), B.Smetanın “Vltav” simfonik poeması və A.Dvorjakın “Cello və orkestr üçün konsert”i (H-dur, op.104) səsləndirilib.
***
Filarmoniyada daha bir konsert yanvarın 13-də gerçəkləşib. Gecədə Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və solistlər Yuliya Kərimova (piano) və Rövşən Əmrahov (violin) çıxış ediblər.
Proqramda G.Rossininin “Cənab Bruskino” operasına “Uvertüra” (Bakıda ilk ifa), F.Schrekerin “İntermezzo” (fis-moll, op.8) (Bakıda ilk ifa), F.Mendelsonun “Violin, piano və simlilər üçün ikili konsert” (d-moll, MWV O4) və V.Herbertin “Serenada” (op.12) əsərləri ifa olunub.