Arxiv fotolarının sərgisi

 

“Gallerie d’Italia”da İtaliyanın misilsiz üslubu və mədəni zənginliyi ilə tanınan San-Remo şəhərindəki eyniadlı festivala həsr olunmuş ekspozisiya açılıb.

Növbəti musiqi şousu (6–10 fevral) ərəfəsində Liquriya sahilindəki məşhur qalereya festivalın ilk 25 ili ilə bağlı fotosərgini təqdim etməklə, nostalji dolu atmosfer yaradıb.

“Gallerie d’Italia”da açılan “Zamandan kənar: San-Remo ağ-qara festivalı 1951-1976” adlı sərgidə “Publifoto Intesa Sanpaolo” arxivindən 85 şəkil təqdim olunub. Festival iştirakçılarının məşqlərindən qrim otaqlarındakı fotosessiyalara qədər nadir kadrlar festivalın pərdə arxasında baş verənlərə aydınlıq gətirir.

Xatırladaq ki, San-Remo mahnı festivalı 1951-ci ildə bu şəhərdə kurortun iqtisadiyyatını canlandırmaq məqsədilə yaradılıb. Əvvəlcə, artistlərin çıxışları yalnız radioda yayımlanıb, lakin 1955-ci ildə tədbirin populyarlığı artmağa başlayıb və o vaxtdan bəri San-Remo faktiki olaraq İtaliya televiziyası ilə ayrılmaz şəkildə bağlıdır.

İtalyan musiqisini dünyada təbliğ edən, bir çox məşhur ifaçıların karyerasına təməl olan San-Remo festivalı qitə miqyaslı yarışmanın – “Avroviziya” mahnı müsabiqəsinin də keçirilməsinin (1956-cı ildən) səbəbkarlarından sayıla bilər.

Sərgi 2024-cü il mayın 12-dək davam edəcək.