Maastrixtdə keçirilən Avropa təsviri incəsənət sərgisində Vinsent van Qoqun “Ağ papaqlı kəndli qadının portreti” kimi tanınan tablosu 4,5 milyon avroya satılıb.
Bu barədə NOS telekanalı məlumat yayıb.
Əsərin satıcısı kimi Nyu Orleanda yerləşən “M.S.Rau” qalereyası çıxış edib. Alıcı Avropadan kənarda öz muzeyi olan şəxsi kolleksiyaçı olub. Lakin kolleksiyaçının kimliyi açıqlanmayıb.
63x48 sm ölçüdə kətan üzərində yağlı boya ilə çəkilən rəsm Van Qoq tərəfindən 1884-cü ildə Niderlandın Nuenen şəhərində (indiki Eyndhoven şəhəri) çəkilib.
Qeyd edək ki, keçən il Niderlandda Van Qoqun oğurlanmış tablosu tapılıb. Rəssamın 3-6 milyon avro dəyərində olan “Bahar Nuenendəki Kahin bağı” adlı tablosu polisin köməyi ilə niderlandlı sənət detektivi Artur Brand tərəfindən aşkar edilib. Fırça ustasının 1884-cü ildə çəkdiyi rəsm koronavirus pandemiyası zamanı Amsterdam yaxınlığında yerləşən “Singer Laren” Muzeyindən oğurlanıb.