“Baku Cinema Breeze” beş festival layihəsini bir araya gətirib

 

Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə oktyabrın 2-dən 8-dək ölkəmizdə ilk dəfə “Baku Cinema Breeze” (BCB) adlı böyük film festivalı keçiriləcək. “Baku Cinema Breeze” indiyədək ayrı-ayrılıqda təşkil olunan bir sıra tanınmış festivalları bir araya gətirərək dünya kinematoqrafiyasının şedevrlərini nümayiş etdirmək üçün vahid şəbəkə rolunu oynayacaq.

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində festivalın açılış mərasimi olacaq. Tədbirdə müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və yerli təşkilatların nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklər iştirak edəcəklər.

Festival çərçivəsində Şərq ölkələrinin filmlərinin dünyaya tanıdılması üçün vacib bir platforma rolunu oynayacaq “Omarket” (Şərq ölkələrinin kino marketi) də təşkil olunacaq. “Omarket”in açılışı oktyabrın 3-də Heydər Əliyev Mərkəzində reallaşacaq.

Qeyd edək ki, festival müddətində Nizami Kino Mərkəzində, “CineMastercard Azərbaycan” kinoteatrında, “YARAT” Müasir İncəsənət Məkanında, “Kapellhouse Baku”, “Landmark” və “YAY Gallery” məkanlarında paytaxt sakinləri və şəhərimizin qonaqları, ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq.

Tədbirin məqsədi Azərbaycanı regionda kino sənayesinin mərkəzi kimi tanıtmaq, kino mədəniyyətini inkişaf etdirmək və yerli ekosistemi bir çətir altında birləşdirməkdir.

“Baku Cinema Breeze” festivalı ABŞ, Kanada, Hindistan, Niderland, Türkiyə, Almaniya, Portuqaliya, BƏƏ, Yunanıstan, Koreya, Gürcüstan, Estoniya və digər ölkələrdən kino sənayesi nümayəndələrini, həmçinin dünya kinematoqrafiyasının tanınmış simalarını Azərbaycanda bir məkana toplayacaq.

Qeyd edək ki, audiovizual sənayenin inkişafı məqsədi daşıyan festival Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir.

İndi isə BCB çətiri altında təşkil olunacaq festivallar barədə.

 

Türkdilli ölkələr arasında animasiya körpüsü

 

2-4 oktyabr tarixlərində Bakıda ilk dəfə Türk Dünyası Beynəlxalq Animasiya Festivalı (ATA festivalı) keçiriləcək.

Türkdilli Animasiya Assosiasiyası və TÜRKSOY-un təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ARKA-nın dəstəyi ilə “Baku Cinema Breeze” Festivalı çərçivəsində keçirilən tədbirin məqsədi türkdilli ölkələr arasında animasiya sənəti vasitəsilə əməkdaşlıq, innovasiya və mədəni mübadilələri təşviq etməkdir.

Festival çərçivəsində Türk dünyasından görkəmli rejissorların ustad dərsləri, türk respublikalarının kino sənayesi ilə bağlı dəyirmi masalar keçiriləcək. Türk dünyası animasiyasına töhfələrə görə xüsusi mükafatlar da təqdim olunacaq.

 

VII ANİMAFİLM festivalı

 

2-6 oktyabr tarixində paytaxtımızda VII ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. “Azərbaycan” kinoteatrında keçiriləcək festival Azərbaycan Animasiya Assosiasiyası və “Peri Film” MMC-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilati dəstəyi ilə BCB festivalı çərçivəsində baş tutacaq.

ANİMAFİLM-in builki mövzusu “Sevgi”dir. Animasiya duyğuları vizual ifadə etməyə imkan verdiyindən sevgi məfhumunu əhatəli çatdırmaq üçün mükəmməl bir vasitədir.

Festivalın müsabiqə proqramına bu il 2 beynəlxalq və 2 yerli kateqoriya üzrə 37 ölkədən 196 film daxil olub. Seçim komissiyası bütün filmləri dəyərləndirərək müsabiqə şərtlərinə uyğun gələn 18 ölkədən 48 filmin iştirakını məqbul sayıb. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışacaq. Filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək, qaliblər festivalın bağlanış mərasimində elan olunacaq.

“Dünya ölkələrindən sevgilərlə” adlı müsabiqədənkənar proqramda Portuqaliya, Yunanıstan, Gürcüstan və Çexiyadan animasiya əsərləri təqdim olunacaq. Bundan əlavə, animasiya həvəskarları ATA festivalı ilə əməkdaşlıq çərçivəsində “ATA: Türk dünyasından seçilmiş animasiya filmləri” kolleksiyasını da izləmək şansı əldə edəcəklər. Festival çərçivəsində həmçinin məşhur Avropa müəlliflərinin əsərləri əsasında çəkilmiş animasiya qorxu antologiyası silsiləsindən olan “Qırmızı dəmir yolu” serialı da nümayiş etdiriləcək.

Festivalın sonuncu – peşəkarlar üçün proqramında isə yerli animasiya film layihələri təqdim olunacaq və beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qonaqlarla görüşlər, ustad dərsləri və vörkşoplar təşkil ediləcək. Proqram çərçivəsində məşhur özbək rejissoru Dante Rustavın, “Netflix” və “Apple TV”nin kanadalı animatoru Matthev Lyonun, rəngarəng üslubu ilə seçilən peşəkar illüstrasiyaçı Leyla Əlinin, İngiltərədə yaşayan “Stop motion” rejissoru Ayan Novruzun ustad dərsləri də festivala rəng qatacaq.

 

Bakı Beynəlxalq Film Festivalı daha da böyüyüb

 

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Film Festivalı 15-ci dəfə keçiriləcək. 4-8 oktyabr tarixlərində baş tutacaq festival bu il BCB festivalının bir hissəsidir.

Açılış mərasimi oktyabrın 5-də saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək. Festival çərçivəsində Almaniya, Fransa, İtaliya, İngiltərə, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Moldova, Xorvatiya, İran – ümumilikdə 26 ölkədən 79 film Nizami Kino Mərkəzində beş gün müddətində saat 11:00-dan etibarən nümayiş olunacaq. Giriş sərbəstdir.

Yubiley yaşına bir sıra yeniliklərlə gələn festival bu ildən tammetrajlı filmlərin müsabiqəsini də keçirir. Festivalın beynəlxalq müsabiqə proqramında debüt tammetrajlı bədii və qısa filmlər yarışacaq.

Yerli müsabiqə proqramına qısametrajlı bədii, sənədli filmlər və sosial çarxlar qəbul olunub. Tələbələr ayrıca nominasiyada yarışmaq imkanı qazanacaqlar. Ümumilikdə yerli müsabiqədə 25 ekran əsəri yarışacaq.

Müsabiqədənkənar proqramlardan olan “Dili bizim”də xaricdə yaşayan həmvətənlərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunacaq.

Festivalın “British Council”la əməkdaşlığı nəticəsində bu il də BAFTA mükafatına namizəd filmlərin xüsusi nümayişi təşkil olunacaq.

Həmçinin “TRT Sinema”nın müdiri Faruk Güvənin təqdimatı, birgə film istehsalı ilə bağlı fikir mübadiləsi, “Kömür” filminin Azərbaycan premyerası, həmçinin ustad dərsləri, yerli və xarici film nümayişlərindən sonra müəlliflərlə müzakirələr həyata keçiriləcək.

Festivalın əsas mükafatı “Qızıl nar”la yanaşı, bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar da təqdim olunacaq.

Qeyd edək ki, Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən təsis edilən festival əvvəlki illərdə “START” adı ilə fəaliyyət göstərib.

 

“DokuBaku” – 8-ci dəfə

 

1-7 oktyabr tarixlərində VIII “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçirilir. Festivalın builki mövzusu “iCosmos”dur. Festivalın mərkəzində personajların taleyini formalaşdıran, həm ani, həm də gecikmiş seçimlərin nəticələrini araşdıran hekayə səyahəti dayanır. Hər bir fərd daxili kosmosa, daxili azadlıq və harmoniya dünyasının unikal əksinə malikdir. Zaman və məkanda səyahət edərkən, daxili kosmosumuz ətrafımızdakı dünya təcrübəmizi formalaşdırır...

“DokuBaku” festivalı Höte İnstitutu (Almaniya), YARAT Mu­̈asir İncəsənət Məkanı, Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Kinematoqrafc­̧ılar İttifaqının tərəfdaşlığı ilə gerçəkləşir.

Əsası 2017-ci ildə qoyulan festivalın builki proqramında onlarla ölkədən təqdim olunmuş 200 film arasından seçilmiş 72 film yer alıb. Finalçılar 36 ölkəni təmsil edir. Ekran əsərləri “Landmark”, “Cineclub”, “Kapellhaus Baku” və Nizami Kino Mərkəzində Azərbaycan subtitrləri ilə orijinal dildə nümayiş olunur.

 

“Fikir çəkmə, telefona çək!”

 

Bu il ikinci dəfə keçirilən CINEMO – Beynəlxalq Mobil Film Festivalı da “Baku Cinema Breeze”in festival havasına qoşulub.

Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə “Fikir çəkmə, telefona çək!” devizi altında ötən ildən keçirilən festival BCB çərçivəsində öz təqdimatlarını reallaşdıracaq.

Festivalın əsas proqramı isə dekabr ayında təqdim olunacaq.

Bu layihə yalnız mobil telefon ilə çəkilmiş və festivala qəbul edilmiş bütün filmlərin canlı nümayişini keçirən festival kimi fəaliyyətə başlayıb. Festivalın adı “Cinema” sözünün analogiyası olmaqla, “CINEma” və “MObile” sözlərinin birləşməsindən əmələ gəlib.

CINEMO kinematoqrafik hekayələr yaratmaq üçün ən son texnologiyalardan yararlanmaqla mobil telefondan istifadə edən istedadlı və yaradıcı kinorejissorları, mobiloqrafları, kinematoqrafları dəstəkləmək məqsədi daşıyır. Festivalda xarici və yerli filmlər yarışır.

Lalə Azəri