Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində mütəfəkkir ədib Mirzə Fətəli Axundzadə bağında tədbir təşkil edib.

“Yaşıl dünya naminə bir olaq!” adlı tədbirin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin, yaşıllıqların qorunmasına yönəltmək, insanları ekoloji problemlərə həssas yanaşmağa  səsləmək, xüsusilə yeniyetmə və uşaqları bu mövzuda maarifləndirməkdir.

Muzeydən bildirilib ki, dünyaşöhrətli violonçel ifaçıs, dirijor M.Rostropoviç həm də təbiət aşiqi və xeyriyyəçi kimi tanınıb. Maestro “Tropik meşə fondu”, “Dünya heyvanların rifahı fondu”, “Nəsli kəsilməkdə olan dəniz heyvanlarının müdafiəsi fondu” üçün bir sıra konsertlər vermişdi. Keçirilən tədbir də Rostropoviçin təbiətə qayğıkeş münasibətini bir daha yada salıb.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxış edərək Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili”nin əhəmiyyətindən söz açıb.

Sonra 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təsviri sənət qalereyası şagirdlərinin əl işlərindən ibarət “Yaşıl dünya naminə” adlı sərgisi, “Odlar yurdu” xor və “Xarıbülbül” rəqs kollektivlərinin ifasında mövzuya həsr edilmiş kompozisiya nümayiş olunub.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xalq çalğı alətləri şöbəsi şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.

Tədbir paytaxtın sakinləri və qonaqları tərəfindən maraqla qarşılanıb. Onlara muzey tərəfindən hazırlanmış məlumat xarakterli liflet paylanılıb.