Türkiyənin “TRT İstanbul” radiosunun “TRT Türkü” kanalında hər həftənin bazar günü yayımlanan "Azərbaycan rüzgarı" proqramının növbəti buraxılışı Azərbaycan musiqi mədəniyyətinin parlaq simalarından biri, görkəmli bəstəkar, Xalq artisti, professor, dirijor və ictimai xadim Cahangir Cahangirovun (1921-1992) həyat və yaradıcılığına həsr olunub.

Proqramda bəstəkarın "Ay qız", "Necə əl çəkim?", "Bana, bana gəl", "Füzuli kantatası" və "Yallı" kimi əsərləri səslənib.

"Azərbaycan rüzgarı"nın müəllifi və aparıcısı Səidə Ömər verilişin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə bəstəkarın qızı Səidə Məhərrəmovaya təşəkkürünü bildirib.

Müəllif “Azərbaycan rüzgarı” proqramının əsas hədəflərindən birinin qardaş ölkədə Azərbaycan mədəniyyətinin, xüsusilə, musiqisinin təbliğinə töhfə vermək olduğunu deyib. “Türkiyədə Cahangir Cahangirovun da bəstələri ifa olunur, amma əfsus ki, çox zaman bəstəkarın adı qeyd edilmir. Bu da bizi çox narahat edir”, – deyə o əlavə edib.