AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşrə hazırlanan “Hüseyn Razi: taleyi və sənəti” kitabı çapdan çıxıb.

Yeni nəşr görkəmli şair-dramaturq, publisist, tərcüməçi, Əməkdar incəsənət xadimi Hüseyn Razinin (Hüseyn Məmməd oğlu Rzayev; 1924-1998) anadan olmasının 100 illiyi münasibətilə işıq üzü görüb.

Naxçıvanda “Əcəmi” nəşriyyatında çap olunan kitabın tərtibçisi AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman Xəlilov, elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevdir.

Dörd bölmədən ibarət kitabın ilk bölməsi “Hüseyn Razi müasirlərinin gözü ilə” adlanır. Burada Xalq yazıçısı Mirzə İbrahimov, Xalq şairləri Xəlil Rza Ulutürk, Məmməd Araz, Məmməd Rahim və başqa görkəmli elmi və ədəbi mühit nümayəndələrinin Hüseyn Razinin yüksək mənəvi keyfiyyətləri və yaradıcılığı barədə fikirləri yer alır.

“Ədəbi-bədii və elmi irsinə aid araşdırmalar” adlanan növbəti bölməyə şairin həyat yolu, ictimai fəaliyyəti, ədəbi-bədii və elmi-publisistik əsərləri ilə bağlı yazılan məqalələr daxil edilib. Məqalələrdə Hüseyn Razi yaradıcılığı, eləcə də keşməkeşli həyat yolu müxtəlif aspektlərdən araşdırılıb.

Ümumilikdə 14 alim və tədqiqatçının kitaba daxil edilmiş məqalələrində Hüseyn Razinin elmi irsi, yaradıcılığının üslubi-semantik, dil-üslub və sənətkarlıq xüsusiyyətləri, lirikası, poemaları, publisistikası, o cümlədən şairin yaradıcılığında yer alan folklor nümunələri ilə bağlı araşdırmaların nəticələri əksini tapıb. Onun Naxçıvanda yeni ədəbi qüvvələrin formalaşmasındakı rolu qeyd olunur, səhnələşdirilən dram əsərləri barədə maraqlı məqamlara toxunulur.

Əsərin üçüncü bölməsinə müasirlərinin Hüseyn Raziyə ünvanladıqları bəzi məktublar verilib. Həmin məktublarda şairin sənət dostlarının, tanınmış qələm sahiblərinin ona bəslədikləri xoş münasibət və ehtiram aydın hiss edilir.

“Fotolarda qalan anlar” adlanan sonuncu bölmədə Hüseyn Razinin həyatının müxtəlif dövrlərini əks etdirən, dövrünün tanınmış ictimai və ədəbiyyat xadimləri ilə çəkdirdiyi fotoşəkillər oxuculara təqdim olunur. II fəsil istisna olmaqla kitabda toplanan bütün materiallar şairin qızı Firuzə Rzayeva tərəfindən mühafizə olunan arxivinə məxsusdur.