Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Füzuli günləri” layihəsi çərçivəsində “Çölün ruhu” adlı xor musiqisi konserti keçirilib. Konsert oktyabrın 10-da Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə gerçəkləşib.

Konsertdən əvvəl Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yubileyinə daha bir sənət töhfəsi verməkdən məmnun olduqlarını deyib.

Musiqili gecədə Qaziza Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xoru (bədii rəhbər Merbol Kuspanov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor Xalq artisti Gülbacı İmanova) çıxış edib.

Proqramda Azərbaycan və Qazaxıstan bəstəkarlarının əsərləri və xalq mahnıları səsləndirilib.

***

“Çölün ruhu” adlı xor musiqisi konserti Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında da təqdim edilib.