Tanınmış yazıçı-jurnalist, Əməkdar mədəniyyət işçisi Vaqif Əlixanlı 2024-cü il 15 oktyabr tarixində, 81 yaşında vəfat edib.
Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Qubanın Yerfi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra, 1968-ci ildə Azərbaycan Radiosunun ədəbi-dram baş redaksiyasında redaktor, şöbə müdiri vəzifələrində işləyib.
Məşhur “Bulaq” və “Dünyanı bəzəyənlər” radioverilişlərinin yaradıcılarından olan Vaqif Əlixanlının qələmə aldığı etnoqrafik hekayələr və “XX əsr incəsənəti” və “Palitra” televiziya verilişinə yazdığı “Rənglər” silsilə hekayələri maraqla qarşılanıb. 1976-cı ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan V.Əlixanlı ssenarilər üzrə bədii şuranın üzvü kimi də fəaliyyət göstərib.
1979-cu ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin İncəsənət və teatr şöbəsinə baş redaktor, bir il sonra nazirliyin Teatr və konsert müəssisələri idarəsinə rəis təyin olunub. 1991-ci ildə yenidən televiziyada “Xəbərlər”, daha sonra isə “Ədəbi-dram” studiyalarının direktoru işləyib. O, 1993-cü ildə Azərbaycan Radiosunda “Xalq yaradıcılığı” baş redaksiyasını yaradır və burada baş redaktor kimi fəaliyyətini davam etdirir. V.Əlixanlı sonrakı illərdə “Space”, ABBA, “Lider, ANS televiziya kanallarında baş redaktor vəzifəsində çalışıb.
V.Əlixanov 2013-cü ildən 2021-ci ilədək Azərbaycan Yazıçılar Birliyinin orqanı “Qobustan” jurnalının baş redaktoru olub.
Allah rəhmət eləsin.