Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Euronews” telekanalı ilə səmərəli əməkdaşlığı var. Bu barədə oktyabrın 10-da nazirlikdə “Euronews” kanalının investisiya şirkətinin təsisçisi Pedro Davidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə söhbət açılıb.
Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli nazirliklə “Euronews” kanalı arasında uzun illərə dayanan əməkdaşlıqdan məmnunluğunu bildirib. Qeyd olunub ki, “Euronews”da Azərbaycan xalqının çoxəsrlik mədəni irsini, o cümlədən xalça və muğam sənətlərini, adət-ənənələrini əks etdirən videoçarxların hazırlanması, ayrı-ayrı mədəniyyət layihələri, xüsusilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı ilə bağlı süjetlərin yayımlanması təqdirəlayiqdir.
Söhbət zamanı gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinə dair sənədli filmlərin lentə alınaraq beynəlxalq auditoriyaya təqdim edilməsinin əhəmiyyəti vurğulanıb.
Pedro David qəbula görə təşəkkürünü bildirib, telekanalın Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlığının bundan sonra da uğurla davam edəcəyinə inandığını deyib.
Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.