Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizə gəliblər. Səfərin məqsədi Bakı Dövlət Sirki ilə əməkdaşlıq əlaqələrinin qurulması, ölkəmizdə sirk sənətinin inkişaf etdirilməsidir.

 

Mədəniyyət Nazirliyində üç ölkənin sirk rəhbərləri ilə görüş

 

Oktyabrın 14-də Mədəniyyət Nazirliyində qonaqlarla görüş keçirilib. Görüşdə Budapeşt Sirkinin baş direktoru, Mərkəzi Avropa Sirk Sənəti Assosiasiyasının prezidenti, Macarıstanın keçmış mədəniyyət naziri Peter Fekete, “Svetnoy bulvarda” Moskva Nikulin Sirkinin bədii rəhbəri və baş direktoru Maksim Nikulin, Belarus Dövlət Sirkinin direktoru Vladimir Şaban, Kazan Sirkinin  (Tatarıstan Respublikası – RF) direktoru Elmira Bulatova, Rusiyanın ən böyük tematik parkı – “Soçi Park”ın baş direktoru Lyudmila Kuznetsova iştirak ediblər.

Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli ölkəmizdə sirk sənətinin zəngin ənənələri olduğunu bildirib. Qeyd edilib ki, Bakı Dövlət Sirki uzun inkişaf yolu keçib və kollektiv Azərbaycandan kənarda da yaxşı tanınır.

Söhbət zamanı sirk rəhbərləri öz təcrübələrini bölüşüblər. Bakı Dövlət Sirki ilə əməkdaşlığın qurulması və qarşılıqlı birgə layihələrin icrası müzakirə olunub. Eyni zamanda Bakı Dövlət Sirkində aparılan təmir dövründə şəhərdə yüngül konstruksiya tipli sirkin – şapitonun qurulması ilə bağlı müzakirə aparılıb.

Görüşdə Bakı Dövlət Sirki yaradıcı heyətinin xarici ölkələrin müvafiq təhsil ocaqlarında ixtisaslaşması məsələləri barədə də fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

 

Mətbuat konfransı: “Əməkdaşlıqda maraqlıyıq”

 

Macarıstan, Rusiya və Belarusdan gələn qonaqların iştirakı ilə Bakıdakı Rus Evində mətbuat konfransı keçirilib. Tədbirdə Azərbaycanda müasir sirk sənətinin inkişafı, Bakı Sirkinin yenidən qurulması və şəhərə ən yaxşı beynəlxalq şou-proqramların cəlb edilməsi barədə söhbət açılıb.

“Həmkarlarla müzakirə zamanı qərara gəldik ki, Bakı Dövlət Sirki müasir və regionun ən yaxşısı olmalıdır. Hazırda vəziyyət qiymətləndirilir, hesablamalar aparılır, yeni sirk konsepsiyası müzakirə olunur. Bildiyiniz kimi, bütün bunlar müəyyən vaxt tələb edir. Sözügedən mərhələlər başa çatdıqdan sonra sirkimizin yeni dövrü başlayacaq”, – deyə Bakı Dövlət Sirkinin direktor vəzifəsini icra edən Nahid Ağayev bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda paytaxtda sirk çadırı açılacaq: “Budapeşt Sirki bu işdə bizə köməklik göstərəcək, lazımi şəraiti təmin edəcək”.

Moskva Sirkinin baş direktoru Maksim Nikulin Azərbaycanda sirk sənətinin inkişafında azərbaycanlı həmkarlarına dəstəyini ifadə edib. O, Bakı Dövlət Sirki ilə sıx əməkdaşlığa toxunaraq qeyd edib ki, kommersiya, nəqliyyat və yaradıcılıq sahələrində razılığa gəlmək və ortaq məxrəcə gəlmək imkanı var. İlkin mərhələdə məsləhətləşmələrin başladığını vurğulayan Maksim Nikulin deyib: “Bizim əsas məqsədimiz postsovet məkanında bütün sirklərin fəaliyyət göstərməsidir. Bakı Dövlət Sirki ilə əməkdaşlıq davam edir və biz onun gələcək inkişafına ümid edirik”.

Budapeşt Sirkinin baş direktoru Peter Fekete Azərbaycan və Macarıstanın bir çox ortaq cəhətləri olduğunu bildirib. O əlavə edib ki, Bakı Dövlət Sirkində təmirdən sonra mübadilə proqramı çərçivəsində macar sənətçiləri yerli tamaşaçılar qarşısında çıxış edə biləcəklər.

Tatarıstanlı qonaq Elmira Bulatova isə diqqətə çatdırıb ki, Bakıda Kazan Dövlət Sirki nəzdində sirk məktəbinin iş prinsiplərinin əsas götürüləcəyi analoji məktəbin yaradılması məsələsi müzakirə olunur.