“Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlardan ən çox keçmiş məcburi köçkünün məskunlaşdığı ünvan Füzuli şəhəridir. Füzuliyə ilk köç karvanı 2023-cü ilin 18 avqust tarixində olmuşdu: 23 ailə – 90 nəfər. Bu gün artıq burada 822 ailənin (3132 nəfər) daimi məskunlaşması təmin edilib.
Ötən bir il ərzində sakinlərin doğma yurda qovuşması ilə yanaşı, şəhərin mədəni-maarif həyatı üçün də əlamətdar hadisələr baş verib. 23 avqust 2023-cü il tarixində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışını ediblər. Qardaş özbək xalqı adından hədiyyə olan 960 şagird yerlik təhsil ocağında hər cür şərait yaradılıb.
Füzuli sakinləri üçün daha bir əlamətdar hadisə isə bu ilin 12 mart tarixində yaşandı. Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin qapılarını füzulililərin üzünə açdılar. Qazaxıstan dövlətinin hədiyyəsi olan bu mərkəz işğaldan azad edilən ərazilərdə ilk incəsənət təhsili ocağı kimi əhəmiyyətlidir. 2024/2025-ci tədris ilindən burada fortepiano, qanun, qarmon, tar, violin və rəqs ixtisasları üzrə tədrisə başlanılıb. İlk olaraq 24 şagirdin təhsilə cəlb edildiyi mərkəzdə beş təcrübəli müəllim onlara sənətin sirlərini öyrədir.
Doğma yurda qayıtmış Füzuli sakinləri bu günlərdə böyük həvəs və sevinclə bayram şöləninə – “Şəhər günü”nə hazırlaşır. Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də təntənəli şəkildə növbəti Füzuli Şəhəri Günü keçiriləcək. Tədbir iştirakçıları rəngarəng tematik sərgilərlə tanış olacaq, incəsənət ustalarının, bədii kollektivlərin ifasında maraqlı konsert proqramını izləyəcəklər.
Qeyd edək ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. 17 oktyabr Füzuli Şəhəri Günü kimi təqvimimizə daxil olub.