AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mərhum türkoloq alim filologiya elmləri doktoru Məhəbbət Mirzəliyevanın (1949-2016) 75 illik yubileyinə həsr olunmuş “Yaşa sığmayan ömür” adlı tədbir keçirilib.
Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli Məhəbbət Mirzəliyevanın həyat yolu və elmi fəaliyyətindən danışıb. Bildirib ki, alim “Müasir Azərbaycan dilində feilin məna növləri və həmhüdud kateqoriyalar” mövzusunda fəlsəfə doktorluğu, “Türk dillərinin frazeologiyasının nəzəri əsasları” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 1993–1996-cı illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət şöbəsində məsləhətçi, 1996–2001-ci illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası Humanitar və ictimai elmlər şöbəsinin müdiri vəzifələrində çalışıb.
Məhəbbət Mirzəliyevanın Dilçilik İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrini icra etdiyini xatırladan Nadir Məmmədli onun yüksək biliyə, elmi-təşkilati bacarığa və zəngin həyat təcrübəsinə malik olduğunu söyləyib.
Qeyd olunub ki, alim Azərbaycan dilçiliyi, xüsusilə də türkologiya sahəsində “Müasir Azərbaycan dilində feilin növləri və həmhüdud kateqoriyalar”, “Oğuz qrupu türk dillərində əvəzlik”, “Oğuz qrupu türk dillərində modal sözlər”, “Türk dillərinin frazeologiyasının nəzəri problemləri” kimi mühüm elmi əsərlər ərsəyə gətirib.
Sonra tədbirdə filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin İngilis dilinin qrammatikası kafedrasının professoru Leyla Xanbutayevanın “Məhəbbət Mirzəliyevanın həyat və yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universiteti Türkologiya kafedrasının müdiri dosent Gülnarə Əliyeva Koşkun “Məhəbbət Mirzəliyevanın frazeoloji baxışları”, filologiya üzrə fəlsəfə doktoru, Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Zülfiyyə Musəvinin “Məhəbbət Mirzəliyeva məktəbi” adlı məruzələri dinlənilib.
Bildirilib ki, Məhəbbət Mirzəliyeva 12 il “Tədqiqlər” jurnalının baş redaktoru olub. O, bir çox yerli və beynəlxalq elmi simpozium və konfranslarda məruzələrlə çıxış edib.
Sonra “Hər zaman xatirəmdədir” adlı videoçarx göstərilib.
Alimin ailəsi adından qardaşı Yaşar Mirzəliyev və bacısı Aybəniz Mirzəliyeva tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildiriblər.