Beynəlxalq Muğam Mərkəzində gənc rəssam, dizayner, Bakı Mühəndislik Universitetinin dizayn kafedrasının müəllimi Aygün İlyasovanın “Oyanış” adlı fərdi yaradıcılıq sərgisi keçirilib.
Sərgi rəssamın 30 illik yubileyinə sənət hesabatıdır.
Müəllifin realist və abstrakt üslubda 30 əsəri nümayiş olunub. Sərgini əks etdirən əsas rəmz “Simurq” quşudur. O, oyanmağın, yanıb yenidən doğulmağın, həyata daha mükəmməl formada davam etməyin simvoludur.
Çıxış edənlər rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yeni uğurlar arzulayıblar.
Aygün İlyasova çıxışında “Simurq”u insanın nəfsindən arınmağı və həqiqi mənliyə çatmağının vəhdəti kimi xarakterizə edib. “Hər birimizin daxilində bir “Simurq” yatır və bizim həyatda yaşadığımız çətin anlar onu oyatmağa xidmət edir. Oyanışı tez olan insan isə müdrik insandır”, – deyə rəssam əlavə edib.