Yəni; yar-yaraşıqlı uşaqlıq, bəxtli cavanlıq, məşhur ahıllıq...
   
   “İkibaşlı” münasibətdən, “ikili standart”dan tam uzaq olan bu “üçbaşlı” başlıq - bu məlum, dəyişilməz, əbədi atalar sayı - sözügedən mahir redaktorun, görkəmli ədibin, məharətli ssenaristin həyat və yaradıcılığını mətbubamətbu kitabbakitab, ekranbaekran izləyib. Bu məqamda ənənəvi “qarabaqara” zərfi üçün qəribsəyənlərin xatirinə, uzaq başı, “arabaara” felini də xatırlada bilərəm...
   
   Bəli, söz-söhbətdə, yazı-pozuda, dilçilikdə tez-tez işlətdiyimiz “və sair”, “və başqaları”, “və ilaxır” tutumlu nümunələrini - yəni, onun onlarca digər media-biblio-filmo-qrafiyalarını istisna etsək, Yusif Səmədoğlunu publisistika-ədəbiyyat-kinematoqrafiya üçbucağının üç ən güclü ismindən biri kimi dəyərləndirmək olar. Məsələ burasındadır ki, o, elə həmin sahələrin özlərində də “trio”ları ilə seçilir: Baş redaktorluğu - “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiyasında (1965-69), “Ulduz” (1976-87) və “Azərbaycan” (1987-...) jurnallarında (sonuncu mötərizədəki “xronoloji” nöqtələr “ömrünün son aylarınadək” deməkdir). Kitabları - “Qalaktika” (1973), “Qətl günü” (1987), “Deyilənlər gəldi başa” (1999). Ssenariləri - “Yeddi oğul istərəm” (1970), “Səmt küləyi” (1973), “Qətl günü” (1990).
   Yusif Səmədoğlu “alt” sovetin bir qədər üst olmaqda olan dövrünün - “60-cı illər” sərlövhəli Azərbaycan ədəbi Zamanının ən seçkin xüsusi şəxs (və məxsusi işarə) əvəzliklərindən - ayrıca “O”-larından idi. O, o dövrün ədəbi-ictimai təsəvvüründə ayrı-ayrı özəl üslub, milli manera, aura-arena, ədəbi yeniyetmələri cəzb edən qəyyumluq, gəncliyə örnək “janr”ları komandirlərindən sayılırdı. O, indiki “canlı yayın” rahəthulğumluqlarından məhrum bir dövrün daim gündəmdə olan sayın “qələm əhli”lərindən,, səsləri öz ədəbiyyatımızın bütün canına-qanına, sədaları “sovet ədəbiyyatı”(?!)nın ən ucqarlarına yayılmış “beş-on”lardan (lətifəsi müasir bir teleproqramda SMS-lə şöhrətlənən “onlar”dan iraq!), “qlavlit-senzura”larda qaralarına, bəzən də üzlərinə barmaq silkələnsə də, bütün ölkə içrə -
   
   Barmaqla sayılanlardan
   
   biri idi. Öz qələmləri ilə ayrıca bir ədəbi-bədii xalq yaratmağa girişib, müstəqil bir ədəbiyyat ölkəsi, mədəniyyət məmləkəti qurmaq istəyən ziyalı-ədiblərdən idi.
   “İdi”, “biri idi”, “idilər” dediyim o “qaymaq”ları, “mini-toplumu” o vaxtlar - az, ya çox - hərə bir sayda görüb-hesablayırdı, mənsə, “yeddilər” kimi.
   Ürəklərinin “ən dərin guşələrində” “ədəbi liderlik” iddiaları olsa da, o yeddilər “mətbu-“mitinq”lərdə “sən mumla, mən gumbuldayacağam!” kimi anti-xarizmatik çığır-bağırlara, ədəbi gecələrdə “Aya - sən çıxma, mən çıxacağam!” kimi anti-təvazö nağıllara yol vermirdilər. Bir az o vaxtkı, bir çox da bu vaxtkı “bəziləri” kimi, öz həmkarı olan “nay”lara “sən tərifləmə, mən mədhiyyələyəcəyəm!”, öz taylısı olan “nanay-nanay”lara “siz qoxumayın, mən oxuyacağam!” - deyə, “mətbu-şötdəmə”lərə, “tele-qalmaqal”lara qol qoymurdular.
   O yeddilərdən Məmməd Araz deyirdi: “Görüm ayılmasın - gec ayılanlar!”. Anar yazırdı: “Qəzetimizdə səhv getmişdir: “Hər şey zəhləmgetmişlərindir!” əvəzinə, oxunmalıdır: “Hər şey zəhmətkeşlərindir!” Əkrəm Əylislinin qələm-qanı ilə böyüməkdə olan sütül bir bacoğlu, ona qədər yazısına pozu olmayan əlmuzdu(r) yazıçıları”mız”ın yaratdıqları əmək-zirək-xərək və çəpik qəhrəmanlarından olan bığlı-saqqallı dayısına pasibanlıq edirdi: “Dayı, ağlama, ay dayı...” Elçin Stalin məşumluğundan yenicə çıxmış, Beriya aşiq-məşuqluqlarından yaxasını təzəcə bağlamış sevgisiz, məhəbbətsiz böyük ölkənin Azərbaycan “kilkə”sindəki cayıl vətəndaş “Baladadaşın ilk məhəbbəti”nə üzdə toy tutub, içdə “vay” edirdi. Yusif Səmədoğlu: “Get, komsomol... get, Sarı Şəmistana de ki, öldürdüm Gəray bəyi... Qanına qəltan elədim!” gülüşləri, sarkazmları çıldırırdı. Vaqif Səmədoğlu öz məzarına başdaşı əvəzinə, ayaqqabılarının qoyulmasını vəsiyyət edirdi ki, “dünyanın ən ağır qantelindən ağır” telefon dəstəyindən bəd xəbər eşidəsi ayağıyalınlar onu geyib, hadisə yerinə gedə (“iri addımlarla irəliləyə”) bilsinlər. Ətrafındakı “lilpar-lilpar” qaqaş-qaravaşlıqlardan, löyün-löyün “okey-lakeylik”lərdən pisikən, türkicə “kəndi”nə gəlib, azəricə çıxıb kəndinə gedən Musa Yaqub isə, o sarıqulaq-qarabaş, dara-baradaş aləmə baxıb-baxıb, belə bir eks-təbii qərara və öz həmkarlarından birinin “...karandaşı, naşı, oğrubaşı, daşı göyərdi” rədiflərinə rəğmən, əks-təbdili bir hökmə gəldi ki, yox, qardaş, “Bu dünyanın qara daşı göyərməz!..”
   İkisi rəhmət-cənnətdə, 70-80-inə yetmiş qalan beşi isə hələ də fəal sənətdə olan o “60-cı illər” yetkililəri o vaxtlar alayı bir “yeddi yoldaş”, ikisi bir, o biriləri isə başqa-başqa, sona-sona anaların doğduğu yeddi qardaş, çağdaşı olduqları tikanlı məftillər lagerinin - “gündoğandan-günbatana” ölkəsinin mərkəzinə qarşı əleyhdaş, bu bala-ballıca Vətənin növbəti onilliyinin başçısıyla isə müqəyyəd-“separat” sirdaş olub, mənən əlil-zəlil edilməkdə olan bu milləti bəyazlı-istiqlallı, üçrəng bayraqlı bir yola düzəldirdilər...
   
   Daha yalnız Sənə dair...
   
   Sənin “Qətl günü”ndəki imam Əli timsallı baş Şairə, şairliyə Yəzzid misallı badalaq gələn ayaq “şair”lərə - öz bənzətmənlə desək - “dılğırlar”a dair, ustad! İnkir-minkir qiyafəli Kirlikir - o zir-zibillik, dəlmə-deşik “terror”çusundan geri qalmayan şər fikir-zikir, ev-eşik personajlarına aid, ərdəmli ədib! “Yeddi oğul istərəm”indəki Gəray bəy bəyliyi, “ürəyimdən nişan al” təvəqqesində olduğu düşmənə belə “əmi” xitabı tərbiyəsindən çıxış edən Cəlal bəyzadəliyi, Kələntər kələ-kötürlüyü obrazlarına şamil, əfəndim! Başçılıq etdiyin ədəbi dərgilərdəki qayğıkeşlik, fağır yazarlara “uğurlu yol”luq, həyata nagümanların vərə-virdlərini bagümanlıqlara yozumluq, sənətdəki sayğı-salğarlıq, həyatdakı ağır-batmanlıq, sabitqədəmlik və sair bu sayaq yaxşılıqlar cizgilərilə xəyallarımıza yaratdırdığın şəxsi portret-obrazına dair, Yusif Səmədoğlu!
   O ədəbi obrazlarınla ədəbiyyatımıza, kinomuza yeni bitkin surətlər, öz obrazınla cəmiyyətimizə, ədəbi ictimaiyyətimizə yeni yetkin şəxsiyyət kredo-kodeksi gətirirdin. Haçansa, sosial-məişət tariximizin hansı konkret ailəvi situasiyasındasa bir qardaşın bir bacıya “Dərd də gələndə - batmanla gəlir, bacım!” deyimini, Sən, o universal ictimai-siyasi-sosial dərd-sərlər dövründə uman zümrə olan bütün bacılara güman yeri olan bütün qardaşların xitabəti dərəcəsinə qaldırdın. Yəqin, bir də ona görə ki, Sən uşaqlıqda cavanlıq, gənclikdə ahıllıq ömrü yaşamışdın. Bəs necə, bir məmləkət paytaxtının ədəbiyyat-sənət mərkəzi olmuş bir evdə dəxi nə tövr böyüyüb, hancarı olmaq olarmış ki?
   Bu suala - nə cavab gözlənilir, nə savab...
   ...Sadəcə, eyhamlı “İblis”lər, qalxanlı Elxanlar, “polad”lı Korçaginlər, ekskovatorlu Sarvanlar, “Oyan, Mironıç, oyan!”lar, “Ələmdən nəşəyə”lər, Adıgeyli sarban-karvanlar - irili-xırdalı zamanlar gəlib-gedir, bu “köhnə qəlyan” sayalı, “yuxu tənbəli” ayamalı istedad mücəssəməsi isə öz “ey dadi-bidad” karvansarasında hər şeyi “qolay-noqolay”layıb süzgəc-güzgəcdən keçirir, bütün olayları özəl-gözəlləyirdi.
   Ailə, köklü-köməcli əqrəba, görklü-görkəmli ata, ədəbi-“rəsmi-bədəvi” əmi-dayılar aurası timsalında bitirdiyi həyat “orta məktəb”i onu sənət “ali məktəb”inə əla hazırlamışdı. O vaxtlar təkcə ona yox, bütün millətə (üzdə İosif Vissarianoviç, içdə Səməd Yusif oğlu) “ata” hesab edilən atasının o “herti-pertisinə lənət!” dünyanın siyasi gərdişinə rəğmən, xalqdan və qələmindən gizləyib, evdə açdığı “bəzi-bəzi həqiqətlər”i də, bala-bala, keçmiş mütaliə boşluqlarına boşaldırdı. O həqiqətlərdən birini elə o atanın özü - çıxışlarının birində “çaşıb” dilə gətirmişdi: “Eh... “kiçik” xalqın böyük şairi olmaqdansa, “böyük” xalqın kiçik şairi olmaq daha yey!..”
   Yenə “sən” deyə xitab. Bir daha Sən! Necə ki Vurğun da tez-tez birbaşa xitablar edirdi (“Oxucum, etiraf edirəm - qəlbən”, “Yenə “Zabul-segah” - yenə o nalə!” və s.).
   Sən cavanca yaşlarından ağır-ağsaqqal bir yazar olub, “köhnə və yeni nəsil”, “klassika və müasirlik”, “atalar və oğullar” tandemlərinə tamam yeni rakursdan baxdın; nə arxaikə arxa çevirmək, nə yeniliyə “ləbbeh” demək. Sənin nihilizmində də bir əndazə vardı, “modernizm”ində də. Astaca-ustaca - oxucuların hamısı ilə bir “proloq-müqavilə” bağlayıb, epiloqa qədər çəkib aparırdın. Onların ayıq-sayıqları üçün adsız baş qəhrəman - “məliküşşüəra” yaradıb irfani nəf elətdirirdin, köhnə “stilizə-üslub” bazarına təzə “İfləmə Qasım”, “zındıqlar”, “dılğırlar” nırxı gətirib “Araz aşığından, Kür topuğundan”, millət lopuğundan olanlarçün məccani kef...
   Sənin qələm-təxəyyülünün məntiqi, sənət “fətva”sı ilə - tarixin və tarixən ədiblərin yaratdıqları (günahlı-günahsız) boyunvuran cəllad da edam edilir. Sənin - ən adlı-sanlı şairlər qədər məşhurlaşdırdığın, bütün “adsız şeir”lərdən daha yaddaqalan adsız və sonda dili kəsilən Şairin qətli islamın məlum “qətl günü” qədər məşum, burada qurduğun hökmdar-vəzir dialoqu isə onların heç bir döyüş və teatr səhnələrində yığa bilməyəcəyi maraq dividentli:
   “Hökmdar: - Vəzir, şair heç ağzını açıb kəlmeyi-şəhadətini də demədi!..
   Vəzir: - Yəqin qorxusundan dilini udubmuş, kafir oğlu kafir!
   Hökmdar: - Gördün?!
   Vəzir: - Nəyi, qibleyi-aləm?
   Hökmdar: - “Nəyi”, “nəyi”! Deyirdin, işi məxfi tutaq, camaat qalxa bilər! Gördün, bir kimsə cınqırını çıxarmadı, gördün?! Bilin və agah olun; nə qədər ki bəşər övladının qarnında qorxu ağrısı, ürəyində şöhrət azarı var, bir gündə yüz şair başı kəsilsə də, heç kəs və heç bir zaman hökmdarın üzünə ağ ola bilməz!..”
   Tarix qədər uzun “sənət-rəyasət” qarşılıqlarının təsvir “fərmanı”nı bir abzas həcmində verməyin özü də bir ədibi-şahlıq deyilmi?
   Bu məqamda Anarın “Adamın adamı” kitabına yazdığın yarım səhifəlik möhtəşəm “ön söz”ün yadıma düşdü. Bu da xatirimə gəldi ki, o vaxt o “Adamın adamı”ndakı o yazını oxuyanda tələbə yoldaşlarıma dedim: “Adamın yazanı!..”
   Sən təkcə qısa və yığcam deyil, həm də - bir az obyektiv, daha çox isə subyektiv səbəblərdən az yazırdın. Deyirlər, bunun “niyə”sini heç Sən özün də - nə konkret, nə uzun-uzadı cavablandırmayıbsan. Yeri gəlmişkən, görəsən niyə, Yusif Səmədoğlu? Nədən və:
   
   Söz düşmüşkən
   
   deyəsən, mən də - Sənin kimi “mürəkkəb”, aydın-açıq yazılarına nisbətdə “qapalı” sənətkar haqda hələ az və bir qədər emosional, sentimental yazdım. Özü də - elmi-metodoloji aspektdə yox, helmi-mənsuranə taktda bəhs etdim. Neynək, qadam, indiyədək Səndən yuxarı-aşağı sənətkarlarımız haqda yazılan ciddi üslublu monoqrafiyalardan, tərif dolu “tənqid və bülbüloqrafiya”lardan, “üç badam, bir qoz” qramafonologiyalardan ortalığa nə çıxıb ki, mənim də bu “yeddi Adam - biz Söz” “patetika”logiyamdan nə çıxa?
   Yəni, qəmin kəm, “Qətl günü” kimi ədəbi hadisə törədicisi!
   Rahat uyumağında ol, əbədi Qalaktikanın ədəbi törənişini yaratmış “Qalaktika” müəllifi, “Deyilənlər gəldi başa”nın canlı avtoportreti!
   Beləliklə, “Astana”dakı və “220 saylı otaq”-odandakı həmişəyaşar bir neçə obrazına salamlar, Fəxri xiyabandakı məzarına ehtiram, ruhuna dualar!..
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar