M.F.Axundzadə - 200 
   
    Səməd Vurğunun yaxın dostlarından biri, görkəmli rus yazıçısı Aleksandr Fadeyev 1954-cü ilin yanvarında öz dostuna belə yazmışdı: «Əziz Səməd... Mən bu gün «Pravda»da Mingəçevirin birinci növbəsinin işə salınmasına həsr olunmuş məqaləni oxudum. Mingəçevirdə işlər yenicə başladığı zaman orada olduğumuzu xatırladım... Azərbaycanın rəngarəng, məlahətli təbiətini xatırladım...bir dost kimi hər şeydən danışdığımızı, Axundovun kiçik evi önündə, eynilə Belinskinin Çembarıdakı evi kimi, qalın tədqiqat əsərindən daha mənalı olan kiçik evinin önündə şəkil çəkdirdiyimizi də xatırladım... »
   
   Dostların həmin səfəri 1947-ci ilin sentyabrında olmuşdu. M.F.Axundzadənin Şəkidəki ev-muzeyinin önündə A.Fadeyevlə S.Vurğunun birgə çəkilmiş fotoşəkli bu gün qiymətli muzey eksponatıdır.
   Əlbəttə, böyük Azərbaycan mütəfəkkiri M.F. Axundzadənin «qalın tədqiqat əsərindən daha mənalı olan kiçik evinin» ziyarət edilməsi təsadüfi deyildi. Bu, Səməd Vurğunun böyük sələflərinə məhəbbətini ifadə edirdi və şair bu məhəbbəti öz müasirlərinə də aşılayırdı.
   Həmin səfərin başqa bir iştirakçısı, şairin dostu Nikolay Tixonovun xatirələrində oxuyuruq: «Biz Nuxada (Şəkidə - A.B.) özümüzü çox yaxşı hiss edirik. Səməd Vurğun dedi:
   - Qardaşlar, unutmayın ki, Mirzə Fətəli Axundov bu şəhərdə anadan olmuşdur.
   Fadeyev dedi:
   - Hə, yeri gəlmişkən deyim ki, Axundovu yaxından tanıyan Bestujevlə Lermontovu yaxşı tanıdığımız kimi, indi artıq, Allaha şükür, Axundova da yaxşı bələd olmuşuq. Ancaq, dostum Səməd, nə üçün indiyədək Azərbaycan ədəbiyyatında Axundov haqqında roman yazılmamışdır? Bilirsən, bu qeyri-adi azərbaycanlının həyatından necə yazmaq olar?
   Söhbət şam üstundə gedirdi, bizim vaxtımız vardı, çünki daha heç yerə tələsmirdik. Bir halda ki, bu deyilənlər Axundovla əlaqədar idi, söhbət həmin istiqamətdə də davam edib genişlənirdi. Səməd Vurğun cavab verirdi ki, belə böyük bir dövrü əhatə etmək üçün diqqətəşayan tarixçi olmaq lazımdır, dövrün lövhələrini yenidən canlandırmadan tez-tələsik yazmaq olmaz».
   Bu, görkəmli sənətkarların tarixi görüşü idi. Xalqımızın böyük oğlu M.F.Axundzadə bu görüşdə mənən iştirak edirdi. Deyilənlər onunla əlaqədar idi, söhbət onun bədii obrazının yaradılmasından, haqqında roman yazılmasından gedirdi.
   Kim bilir, bəlkə də Səməd Vurğun belə bir roman (əlbəttə, mənzum roman) yazmaq, Axundzadə dövrünün lövhələrini canlandırmaq, onun obrazını yaratmaq barədə fikirləşirmiş!..
   Şair belə bir roman yazmasa (illər sonra tanınmış yazıçı Çingiz Hüseynov böyük mütəfəkkir haqqında "Fətəli fəthi” adlı roman yazdı - red.) da, M.F.Axundzadə barədə fikir və mülahizələrini başqa vasitələrdə bildirmişdir. Məqalə və çıxışlarında, ayrı-ayrı qeydlərində M.F.Axundzadəni «yeni və realist Azərbaycan ədəbiyyatının banisi», «xalqlar tarixində nadir yetişən fövqəladə bir istedad, başdan-ayağa hünər və mənəvi qəhrəmanlıq timsalı olan sarsılmaz bir iradə, böyük ideyalar uğrunda ömrü boyu çarpışan qəhrəman bir şəxsiyyət» kimi qiymətləndirmiş, onun ədəbi və ictimai fəaliyyətini işıqlandırmışdır.
   Səməd Vurğunun Azərbaycan Yazıçılar İttifaqının M.F.Axundzadənin anadan olmasının 125 illiyinə həsr edilmiş təntənəli plenumundakı (1939) nitqi diqqəti cəlb edir. Şair nitqində qeyd edir ki, dünya ədəbiyyatı tarixində bir çox böyük yazıçılar tarix səhnəsinə gəlmələri ilə nəinki yeni ədəbiyyat yaratmışlar, eyni zamanda yeni bir tarix və öz xalqlarının mənəvi aləmində böyük bir epoxa, dövrün ən qabaqcıl ideyalarını özlərində canlandıraraq, yaşadıqları əsrin böyük siyasət ərləri və filosofları olaraq öz xalqının ictimai şüurunda tarixi bir dönüş yaratmışlar.
   Səməd Vurğun həmin çıxışında Vilyam Şekspir, Şota Rustaveli, Aleksandr Sergeyeviç Puşkin, Taras Şevçenko kimi «epoxa yaradan, tarix yaradan» yazıçılar sırasına M.F.Axundzadəni də daxil etmiş, onu «Azərbaycan xalqının qəhrəmanlıq və talant simvolu» kimi səciyyələndirmişdir. Səməd Vurğun filosof Mirzə Fətəlinin bu istiqamətdə fəaliyyətini «ozamankı Şərq ölkələri tarixində böyük bir inqilab» hesab etmişdir. Şair onun fəlsəfi məsələlərin şərhində insan qüvvəsinə inamını, insanı mübarizəyə çağırmasını da xüsusi qeyd etmişdir. Şairin M.F.Axundzadəni rus çarizminin tərəfdarı kimi qələmə vermək istəyənlərə qarşı cavabı da birmənalıdır: «...Axundov o medallı və paqonlu mundirin içində böyük bir ürək gəzdirirdi. Bu ürək Azərbaycan xalqının azadlıq və səadət axtaran ürəyi idi».
   Şair böyük mütəfəkkirin xalqımız qarşısında böyük xidmətlərini bir də onda görürdü ki, onun dramaturgiyası «ədəbiyyatımızı böyük bir qüvvətə və cana gətirmiş», özündən sonra Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı kimi böyük Azərbaycan dramaturqlarına ədəbi bir məktəb olmuşdur.
   Səməd Vurğun xüsusi olaraq vurğulamışdır ki, M.F.Axundzadənin fəaliyyəti ümumbəşəri mahiyyət kəsb etmiş, dini və milli ayrılıqlara baxmayaraq insanı sevmiş, bütün bəşəriyyətin taleyi ilə maraqlanmışdır.
   Məlumdur ki, görkəmli ədib 1837-ci ildə «A.S.Puşkinin ölümünə “Şərq” poeması»nı yazmış, Qafqaza sürgünə göndərilən dekabrist yazıçı A.A.Bestujev-Marlinski, bir sıra yazıçı və ziyalılarla dostluq etmişdir. Səməd Vurğun 1947-ci ildə SSRİ Yazıçıları İttifaqı İdarə Heyətinin XI plenumunda çıxış edərkən A.S.Puşkinin ölümü münasibətilə yazılmış poemanın müəllifi -M.F.Axundzadənin rus mədəniyyəti və ədəbiyyatına bələdliyi, onun A.A.Bestujev-Marlinski ilə dostluğu, demokratik mədəniyyətə məhəbbəti barədə danışmışdır. O, 1949-cu ildə A.S.Puşkinin anadan olmasının 150 illiyi münasibətilə yazdığı «Müəllimimiz və dostumuz» adlı məqaləsində də rus şairinin faciəli surətdə həlak olması xəbərinə Şərqdə ilk dəfə Azərbaycan yazıçısının səs verdiyini, Puşkin yaradıcılığının dünya əhəmiyyəti haqqında heyranlıq hissi ilə danışdığını göstərmişdir.
   Səməd Vurğunun M.F.Axundovla bağlı yazılarından biri «Səbuhi» adlanır. 1941-ci ildə qələmə alınmış bu məqalədə şair və ədəbiyyatşünas-alim Mikayıl Rəfilinin yazdığı «Səbuhi» bədii filminin ssenarisi təhlil edilmişdir.
   Məlumdur ki, «Səbuhi» bədii filmində Mirzə Fətəlinin həyatı və fəaliyyətindən bəhs edilir. Səməd Vurğun məqalədə «Səbuhi»nin ssenarisinin «təcrübəli bir yazıçı, Axundovun həyat və yaradıcılığına bələd olan bir adam tərəfindən» yazıldığını xüsusi qeyd etmişdir. Ssenaridəki ayrı-ayrı epizod və hadisələrə, buradakı obrazlara diqqət yetirən şair belə bir qənaətə gəlir ki, ssenarinin materialı, yazılışındakı şairanəlik, temperament və coşqunluq aktyorların öz yaradıcılıq bacarığını göstərə bilmələri üçün geniş meydan açır.
   Şairin bədii ssenari barədə dedikləri də maraqlıdır və bu gün də əhəmiyyətini saxlayır: «Bədii film insan orqanizmi ilə müqayisə edilərsə, ssenarini insan qəlbinə bənzətmək olar. Biz yalnız yaxşı ssenarilər yaratmaqla Azərbaycan kino incəsənətinin tərəqqisinə nail ola bilərik. «Səbuhi» məhz bu cür ssenarilərdəndir».
   Səməd Vurğun M.F.Axundzadə yaradıcılığına xas olan vətənpərvərlik və humanizm ideyaları barədə də danışmışdır. Şair 1948-ci ildə «Literaturnaya qazeta»da dərc etdirdiyi «Azadlıq və səadət bayrağı altında» məqaləsində «Qana susamış müstəmləkəçilər»in humanizmdən kənar hərəkətləri barədə danışarkən İslam ideologiyasının İran kimi ölkələrdə demokratik hərəkatı boğmaq üçün hakimlərin əlində xalqın mənafeyinə zidd siyasi alətə çevrildiyini göstərir və yazırdı ki, hələ keçən əsrdə Azərbaycan xalqının böyük oğlu Mirzə Fətəli məşhur fəlsəfi əsərində bu cür riyakar «alimlərin» maskasını yırtmışdır.
   Səməd Vurğun 1953-cü ildə qələmə aldığı «M.F.Axundov bizimlədir» adlı məqaləsində yazıçı-dramaturqun xalqımızın ictimai, fəlsəfi və bədii şüur tarixində böyük rol oynadığını, onun istər fəlsəfi, istərsə də bədii yaradıcılığındakı demokratik ideyalar, xəlqilik və humanizm kimi nəcib xüsusiyyətlərin öz təravətini həmişə saxladığını xüsusi qeyd etmişdir. Mirzə Fətəlinin «böyük və realist bir dramaturq» olduğu, onun zəngin yaradıcılığının yalnız Azərbaycan deyil, Yaxın Şərq ölkələrinin dramaturgiya və teatrı tarixində müsbət rol oynadığı da bu məqalədə vurğulanmışdır.
   Unudulmaz xalq şairimiz digər yazılarında da M.F.Axundzadənin bədii və fəlsəfi yaradıcılığındakı demokratik ideyaların, xəlqilik və humanizm, ümumbəşərilik kimi xüsusiyyətlərin həmişə öz təravətini saxladığını, yeni dünya quruculuğuna yaxından kömək etdiyini bildirmişdir.
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar