“Özünüzü tənqid və biblioqrafiya seriyaları üstdə kökləyin” “...deyən şair öz zəmanəsindən acı-acı şikayətlər etmişdir”...
   
   Sovet zəmanəsinin oçerk və monoqrafiyalarında bu sayaq “poçerk”lərə tez-tez rast gəlirdik. Məsələn, “şurəvi”lərin acından gecəyarı oyanan dəmlərində yazılmış “O tayda aclar-yalavaclar yığılıblar bazara, dinləyirlər qoca dərviş babanı. Baba dərviş yığaraq pul, dolanır meydanı. - Sol qolundan asılan, söylə, nədir? - Kəşküldür. Mənə bunsuz yaşamaq müşküldür” misralarını öyən bir “alim” bunu belə tədqiq-təhqiq edirdi: “...deyən şair qolçomaq-mülkədar sinfini mübariz sovet poeziyasının dar ağacı ayağına çəkmişdir”.
   
   O alimnümalar hər gün gözlərinin “uzağında” NKVD ayağına çəkilən, Sibir “yaylaq”larına göndərilən milli iş «dərviş»ləri bir yana, qonşuluqlarında yaşayıb-yaradanları, hamını düşünüb, özünü unudan Səməd Mənsur kimlərini də “görmürdülər”. Füzulinin “Eşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim! Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!” kimi beytlərini oxuyub məst olur, Səməd Mənsurun “Nə cibimdə parə, nə evdə çörək var, ey həkim! Nəbzimi bihudə sıxma, çəkmə azar, ey həkim! Ət yemək pəhrizini əmr etmə kim, - bazaridə, Nə qədər axtarsa da, ət tapmaz, ey həkim!” kimi “öyüd-nəsihət”lərini eşidib, pəs olurdular.
   Bəli, Səməd Mənsur misralarına çatanda “eşidib” yazdım, “oxuyub” yox. O siyasi və mədəni-maarif inqilabları dövründə o alimlər oxuyaraq yox, eşidərək pəs olurdular. İndi, Səməd Mənsurun mənsub olduğu dialekt-ləhcədə desək, “necədir sizinçün” - belə bir yarımbaşlıq da yazsaq -
   
   Şifahi sovet ədəbiyyatı
   
   Bəli, avanqard savadlı, ali təhsilli sovet epoxasında mükəmməl şifahi xalq ədəbiyyatı, başda Səməd Mənsur olmaqla, “disident-poet”lər də vardı. Mətbuatda, efirdə yad edilməyən o şairlərin şeirləri mənim tanıdığım və tanımadığım köhnə (hər iki mənada) kişilərin milli dil-ağızlarında “çap”lanıb yayılır, səslənib yayımlanırdı. Azərbaycan Dövlət Universitetində ayrıca bir universitet olan, bütün mühazirələrinin “iftar”ını milli irfan-mədəniyyət nümunələrimizlə açıb, “məxfi-pünhan” şeiriyyət seçkinlərimizlə “imsak”layan Əli Fəhmi Səməd Mənsurdan öz yaddaş kəhkəşanında qoruyub saxladığı elə misralar söyləyirdi ki, o sətirlərə müəllifin bugünkü çap məhsullarında rast gəlinmir. Özü də Əli müəllim o misraları elə söyləyirdi ki, dövrümüzün heç bir aktyorunda, ədəbi qiraətçisində o sayaq alınmır. Əli müəllim Səməd Mənsurun lirik-dramatik abidəsini qoyduğu məlum sevgili sözün - “naz”ın səs portretini yaradırdı hər dəfə. Bu sözdəki “n” və “z” səsləri arasındakı “a” saitini qəlb dünyasının o başınadək uzadır, “tekst”də aşiqin yana-yana rica etdiyi fərdi iltiması, müəllifin doğal iddiası olaraq, ümumaşiqlik kontekstinə çıxarırdı. Zəmanəsinin öz qiymətini layiqincə almamış aydını - görkəmli alim-müəllim Abbas Zamanov, o vaxtlar Xalq Nəzarəti Komitəsində çalışan şair Teyyub Qurban, Azərbaycan radiosunda baş redaktor işləyən Rafiq Savalan və o qədər də çox olmayan “başqaları” da Səməd Mənsurun gəzəri “nəşriyyat”larından idilər. Onlar sovet dövrünün “əsl vətəndaş-şair”, “mərd-mübariz ədib”, “milli sovet ədəbiyyatı” trafaretləri mövzularında mozaik “serial”lar danışmaqdan yorulmayanları “Həpsi rəngidir” kimi “arxaik-geri al”larla bir az susdurub-dincəldirdilər...   

   Mənzum tablolar...
   
   Doğrudan da - Səməd Mənsurun bir çox şeiri o dövrün mənzum tabloları təsirindədir. Bu tablolardakı rənglərin əsasını barışmazlıq təşkil edir. Bu rəngin çalarları içərisində isə şəxsi umarlıq adına, demək olar, heç nə yoxdur. Sətirlərindəki igid-cigid xarakterindən aydın görünür ki, o, çox fərasətli, ev-eşiyi üçün gün-güzəran qura bilən kişiymiş. Amma, bəs, qohum-qonşu, kənd-kəsək, xalq? Özü də tək elə qarınmı? Bəs, qədir? Söhbətin milli qədir-qiymətdən getdiyi də ki, məlum!..
   Pəs elə isə hamısı nəymiş? “Həpsi rəngidir”miş. Seçilmiş, sürtülmüş, “yuxari dürtülmüş süxari - “xox” qurular” (Ə.Fəhmidən eşitdiyim misralardan) sayca az olsa da, “ahu-vayca çox olan yaşlar”ı da bəzi misralarının oduna yandırırmış:
   
   Uyma ey dil, xəlqdə yoxdur sədaqət, rəngidir,
   Məscidü-meyxanə rəng, eyşü-ibadət rəngidir.
   Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngidir,
   Rəngdir hər dürlü matəm, hər məsərrət rəngidir.
   Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngidir...
   
   Yarımbaşlıqda bu kimi şeirləri “mənzum tablo” adlandırmaqda yanılmamış olduğumu elan etməklə, bunu da əlavə edim ki, bu “şəkil”lərin müəllifini rəssamlığın hər hansı “izm”inə şamil etmək müşkül. Nədən ki, bunlar başdan-başa hiss fəlsəfəsidir. Necə ki ruslar Anton Pavloviç Çexovu - başdan-başa leksik “görüntü” olduğuna görə - kinolaşdırmağın çox çətin olduğunu söyləyirlər, eləcə də - büsbütün qəlb çəkən, duyğu eydirən “kamerman” Səməd Mənsur yaradıcılığını vizuallaşdırmaq çətindir. Bir oxuyun, görün bu misralara baxmaq da mümkünmü:
   
   O, kimdir ki, alov yağır gözündən?
   O, kimdir ki, məna çıxmır sözündən?
   O, kimdir ki, qorxur özü özündən?
   Buna cavab verən aşıq sağ olsun!
   ...Mirzoyandır - alov yağır gözündən.
   Mir Bəşirdir - məna çıxmır sözündən.
   Qəzənfərdir - qorxur özü özündən,
   Cavab verənlərə Allah yar olsun!
   
   Burada sadalanan ad-soyadlar o dövrün hakimiyyət-rəyasət “qoçu”ları idilər. Gərək nə qədər qurd ürəyi yemiş millət “qoçu”su olasan ki, o cür repressiv zillət müəlliflərinə bu cür sataşa biləsən! “ÇK” kalibrli Mirzoyan, sonda “troyka” -“silist” təpkisindən çarpayı altına girib zingildəyən Qəzənfər Musabəyov haqda yazmalı olsaq, axirətədək davam etməli olacağımızdan, “məna çıxmır sözündən” tipajının - Mir Bəşir Qasımovun kimliyi haqda bir kaç kəlmə söyləyək. O, Moskva nümayəndələrinin də iştirak etdiyi müşavirələrin birində guya rusca çıxış etmək istəyib və sonda lap “gül” vurub: “Mıy (biz) Ərəseyə (Rusiyaya) nöyt kaçay-kaçay, vıy Azerbayjana qultura kaçay-kaçay!..”
   
   ...Belə-belə işlər və “məna”lar
   
   Kəsərli satirik, incə romantik, milli qeyrət, əxlaq şairimiz Səməd Mənsurun poetik ruhu üstdə kökləndikcə könül çox söz söyləmək, qələm çox simə toxunmaq istəyir. Səməd Mənsur azad söz repressiyalarının, milli düşüncə dustaqlığının ən şiddətli dönəmlərində belə susmayıb, - deməklə bitən vətəndaş olmayıb. Səməd Mənsur Azərbaycan sovet hakimiyyətinin ən səlahiyyətli və ən qorxulu orqanlarında at oynadan erməni daşnaklarına çox satirik qırmanclar çəkib, sənətkaranə həcvlər toxuyub, - yazmaqla qurtaran olayçı olmayıb. O, necə bir millətləşməçilik “epidemiya”sı, antibolşevizm “bomba”sı idisə, hətta zəllə sovetizmin bir az boşalıb-yumşalma sonuclarında belə, arxiv-yaddaş dustaqlığından azad edilmirdi.
   
   “Heyhat” deyiləsi...
   
   və deyilməyəsi (!) 48 illik bir ömür yaşadı Səməd Mənsur. Bu əyilməz, polad ömrün bir neçə ilini teatra, bir neçəsini poeziyaya, millətini, mədəniyyətini yenmək istəyənlərə qarşı mübarizəyə, vaxt tapdıqca ailə qayğılarına, hamısını isə ziyalılığa, milli xadimliyə həsr etdi. O vaxt elə sözlər deyib-danışdı ki, bu vaxt onları hamı deyib-danışır. O günlər elə misralar yazdı ki... bu günlər “o cür”lər yazmağa nə var ki?!.
   Həyatda hamının, hər kəsin dostu olur - birinin az, birinin çox. Amma bütövlükdə xalq sayda dostu olanları, xalqa dost sayılanları hər millətdə barmaqla saymaq olar. Səməd Mənsurun uşaqlıq dostlarından Hacıağa Abbasov, Əliağa Vahid, Dadaş Bünyadzadə, Baba Əliyev və başqaları sonradan “bu tay-o tay” olurlar. “Bu tay”lılar öz aralarında danışırmışlar ki, Hacı Zeynalabdin bu xalqın, Vətənin əynini bəzəyir, Səməd Mənsur beynini”. “O tay”lılar haqda isə Səməd Mənsur özü deyirmiş:
   
   Hacıağa! Böylə də aləm olar?
   Bir ürəkdə bu qədər də qəm olar?!
   Mən deyirdim, Baba da bir kişidir,
   Kişi köhnəsidir - lap bişmişidir.
   Yoxladım, çıxmadı bir şey Babadan,
   Babasının evi olsun “abadan”!
   Dəhri-Məxrubədə bəs yoxmuş kişi?
   Bu cahanın Allaha qalıb işi...
   
   Düşüncələrində böyük-böyük işlərlə, Yerlə-Göylə əlləşən Səməd Mənsur hərdən belə xırdaları da qurdalayır, milli vicdandan daldalananları bənzərsiz poetik misra-gicitkənlərilə dalayırdı. Ancaq o, heç zaman boş “hap”lara dolu toplar atmayıb; aşağılara dediyindən yuxarılara, yuxarılara söylədiyindən aşağılara da pay çatıb.
   
   Bazar bağlanmışdır - qəhətlik çökmüş,
   Satdıq şey qalmamış vicdandan başqa.
   Hər şeyin qiyməti yüz qat “ucalmış”-
   Ucuz şey qalmamış - insandan başqa...
   
   Sonda (?!) “Səməd Mənsur-Hacıağa Abbasov” duetilə bağlı bir qəzet yazısına sayğı və ehtiramla dolu bir “təftiş”. Sonuncunun qızı həmin yazı müəllifinə danışıb ki: “Bir gün Səməd Mənsur bizə gəlmişdi. Atamla söhbət arası dedi: - Hacıağa, uşaqlarını gətir mən də görüm. Anam bizi otağa dəvət etdi. Səməd Mənsur adımızı soruşdu. Böyük qardaşım - Altunbay, ortancıl qardaşım - Sabutay, mən - Altuntac. O, adlarımızı eşidincə: - Hacıağa, bu adları uşaqlara Hüseyn Cavid qoyub? Atam: Bəli, - dedi. Mənsur: - Allah evini yıxsın, Hacıağa, bu adlara görə səni tutacaqlar, təcili bu adları dəyişdir! Anamın təhriki ilə bir həftədən sonra Altunbay - Rauf, Sabutay - Qorxmaz, mən isə Dilarə oldum...”
   Çox gözəl epizod, ağrılı xatirədir. Lakin kiçicik bir düzəliş-əlavə ilə; rəhmətlik Əli Fəhmi danışırdı ki, Səməd Mənsur: “Hacıağa, biz özümüz heç, bu uşaqlara yazığın gəlsin. Bunların adlarını dəyiş, özü də, mümkün qədər sovetləşdir” - deyib...
   Başlıqda “Bəla şair” - deyə salamlaşdığım Vətən oğlumuzla sonluqda “milli bəlalara mübtəla rəhmətliyimiz!” - deyə xudahafizləşirəm...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar