Dekabrın 25-də Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi üzrə növbəti görüş keçirilib.
Georgi Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbində keçirilən və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş görüşün qonağı bu il 60 yaşını qeyd edən balaban ifaçısı, Xalq artisti Əlixan Səmədov olub.
Əvvəlcə “Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və G.Şaroyev adına Musiqi məktəbinin direktoru Vəfa Həziyeva çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb, Əlixan Səmədovun yaradıcılıq yolundan danışıblar.
Əlixan Səmədov həyat və yaradıcılığı, balaban ifaçılığı sənəti, pedaqoji fəaliyyəti, uşaq və gənclərin nəfəs alətlərinə marağının artırılması haqqında söhbət açıb. Xalq artisti eyni zamanda balaban haqqında yazdığı kitabından bəhs edərək milli musiqimizin müəllif hüquqlarının qorunmasının zəruriliyini vurğulayıb, bu sahədə təbliğatın əhəmiyyətindən danışıb.
Sonra sənətkarın ifasında Səid Rüstəmovun “Getmə” kompozisiyası, Musiqi məktəbinin IX sinif şagirdləri Məhəmməd Bayramov və Mirnicat Yaqubovun (müəllim: Oqtay Mürşüdov, müşayiət: Dinar İsgəndərova) ifasında isə Üzeyir Hacıbəylinin “Aşıqsayağı”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Süleyman Ələsgərovun “Xəyala dalarkən” əsərləri səslənib.
Ustad dərsi formatında keçirilən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.